İranın xarici işlər naziri Abbas Əraqçı dünən Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşüb. İran dövlət mediasının məlumatına görə, görüş zamanı Tehran Hörmüz boğazının yenidən açılması üçün ABŞ tərəfinə şərtlərini təqdim edib. Məlumatı “Reuters” də İran dövlət mediasına istinadən yayıb.
Bildirilib ki, görüş Vitkoffun xüsusilə Hörmüz boğazının açılması şərtlərini müzakirə etmək məqsədilə İran tərəfinə müraciətindən sonra baş tutub. İran bu müraciəti qəbul edərək danışıqlarda öz tələblərini ABŞ nümayəndəsinə çatdırıb.
İran dövlət mediasının yaydığı məlumata əsasən, Tehranın irəli sürdüyü 3 əsas şərtlər sırasında dəniz blokadasının dərhal aradan qaldırılması, dondurulmuş İran aktivlərinin təxirə salınmadan azad edilməsi və “müqavimət” adlandırılan bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması yer alır.
Bu görüş Hörmüz boğazının ABŞ və İran arasında diplomatik təmasların əsas mövzularından birinə çevrildiyi bir vaxtda keçirilib. Bundan əvvəl İranın yüksək vəzifəli rəsmisi “Reuters”ə bildirib ki, Vaşinqton hərbi təzyiqi azaldar və İran limanlarına tətbiq olunan blokadanı aradan qaldırarsa, Tehran boğazı yeddi gün ərzində yenidən aça bilər.
Hörmüz boğazı qlobal enerji daşımaları baxımından strateji əhəmiyyət daşıdığı üçün onun ətrafında yaranan vəziyyət ABŞ-İran təmaslarının əsas istiqamətlərindən biri olaraq qalır. Nyu-Yorkdakı son görüş isə tərəflər arasında diplomatik təmasların yenidən intensivləşdiyini göstərən addımlardan biri olub.
MONETAR.AZ