Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. 2027–2030-cu illər üçün Dövlət Proqramında geoloji kəşfiyyat işlərinin ümumi əhatə dairəsinin 15 min kvadratkilometrə çatdırılması hədəflənir. Eyni zamanda perspektivli yataqlardakı mineral ehtiyatların beynəlxalq hesabatlılıq standartlarına uyğun qiymətləndirilməsi nəzərdə tutulur.
Proqramın prioritet istiqamətlərindən biri Daşkəsən dəmir filizi yataqlarında yeni perspektivli sahələrin müəyyənləşdirilməsidir. Bu məqsədlə mövcud geoloji məlumatlar təhlil ediləcək və kəşfiyyat üçün perspektivli ərazilər müəyyənləşdiriləcək. Daha sonra həmin sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanaraq təsdiq ediləcək.
Daşkəsən üzrə nəzərdə tutulan işlərin 2027–2028-ci illərdə aparılması planlaşdırılır. Prosesə “AzerGold” QSC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəlb olunacaq. Hazırlanacaq proqramın icraya hazır vəziyyətə gətirilməsi də əsas mərhələlərdən biri olacaq.
Strateji minerallara diqqət artırılırDövlət Proqramında metallurgiya sənayesi üçün əhəmiyyətli olan digər perspektivli sahələrdə də axtarış və kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu işlərə mövcud yataqların öyrənilməsi ilə yanaşı, strateji əhəmiyyətli mineralların, o cümlədən nadir torpaq elementlərinin mövcud olduğu sahələr də daxil ediləcək. İşlərin mərhələli şəkildə və özəl sektorun iştirakı ilə həyata keçirilməsi planlaşdırılır.
Bu istiqamətdə ilkin geoloji tədqiqatların və xəritələşdirmə işlərinin aparılması nəzərdə tutulur. Daha sonra perspektivli sahələr üzrə ehtiyatların qiymətləndirilməsi və dəqiqləşdirilməsi həyata keçiriləcək. Məqsəd yeni mineral xammal mənbələrinin müəyyənləşdirilməsi və onların ehtiyatlarının daha dəqiq hesablanmasıdır.
Ehtiyatlar beynəlxalq standartlarla qiymətləndiriləcəkProqram çərçivəsində mineral ehtiyatların qiymətləndirilməsində beynəlxalq hesabatlılıq standartlarına uyğunluğa xüsusi diqqət yetiriləcək. Bunun nəticəsində perspektivli yataqlar üzrə ehtiyatların daha dəqiq müəyyənləşdirilməsi və beynəlxalq investorlar üçün daha anlaşılan məlumat bazasının formalaşdırılması nəzərdə tutulur. Geoloji məlumatların vahid və beynəlxalq yanaşmalara uyğun hazırlanması mədən layihələrinin gələcək inkişafı baxımından əhəmiyyətli ola bilər.
Yeni kəşfiyyat işləri əvvəlki dövlət proqramlarının nəticələri nəzərə alınmaqla aparılacaq. Burada 2020–2024-cü illər üçün yerin təkinin geoloji öyrənilməsi və mineral xammal bazasından səmərəli istifadə üzrə Dövlət Proqramının, eləcə də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramının nəticələri əsas götürüləcək. Beləliklə, artıq toplanmış geoloji məlumatların yeni kəşfiyyat işlərində istifadəsi nəzərdə tutulur.
Özəl sektor da prosesə cəlb ediləcəkDövlət Proqramında geoloji axtarış və kəşfiyyat işlərində özəl sektorun iştirakına da yer verilir. Şirkətlərin perspektivli sahələrdə axtarış, ehtiyatların qiymətləndirilməsi və digər geoloji işlərə cəlb edilməsi planlaşdırılır. Bu yanaşma mədən sənayesində yeni layihələrin formalaşmasına şərait yarada bilər.
2027–2030-cu illəri əhatə edən proqramın əsas hədəflərindən biri ölkənin mineral xammal bazasının genişləndirilməsidir. Bunun üçün yeni yataqların aşkarlanması ilə yanaşı, mövcud yataqların potensialının daha dərindən öyrənilməsi nəzərdə tutulur. Xüsusilə dəmir filizi və strateji minerallar üzrə aparılacaq işlərin nəticələri qarşıdakı illərdə metallurgiya sənayesinin xammal təminatına təsir göstərə bilər.
MONETAR.AZ