"Hyundai" rəhbəri Çin avtomobillərinin riskləri barədə xəbərdarlıq edib

"Hyundai" rəhbəri Çin avtomobillərinin riskləri barədə

“Hyundai Motor” şirkətinin baş icraçı direktoru Xose Munyos xəbərdarlıq edib ki, ABŞ Çindən idxal olunan avtomobillərə tətbiq etdiyi ticarət məhdudiyyətlərini yumşaldarsa, Çin avtomobil istehsalçıları Amerika bazarında mövqelərini qısa müddətdə əhəmiyyətli dərəcədə gücləndirə bilərlər.

“Reuters”in məlumatına görə, Munyos Çin avtomobil brendlərinin Avropa bazarında artan iştirakını bunun mümkün nümunəsi kimi göstərib. Agentliyin məlumatına əsasən, 2026-cı ilin ilk yarısında Çin brendlərinin avtomobilləri Avropa İttifaqında yeni avtomobil satışlarının 9 faizindən çoxunu təşkil edib. Böyük Britaniyada isə onların yeni avtomobil qeydiyyatlarında payı 15 faizə çatıb.

Munyos bildirib ki, Avropada tətbiq olunan ticarət məhdudiyyətlərinə baxmayaraq, Çin avtomobilləri İtaliya, İspaniya və Fransa kimi əsas bazarlarda rəqib modellərdən 30–40 faiz daha ucuz təklif oluna bilər. Onun sözlərinə görə, qiymət üstünlüyü Çin istehsalçılarının beynəlxalq bazarlarda mövqelərini genişləndirməsində əsas amillərdən biri olaraq qalır.

Hazırda ABŞ Çin istehsalı olan elektrik avtomobillərinə təxminən 100 faizlik tariflər tətbiq edir. Bu yüksək gömrük rüsumları Çin avtomobillərinin ABŞ bazarına birbaşa çıxışını ciddi şəkildə məhdudlaşdırır.

ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl bildirib ki, Çin avtomobil istehsalçılarının Amerika bazarına daxil olmasına qarşı deyil və şirkətlərin ABŞ ərazisində istehsal qurması şərti ilə belə investisiyaları alqışlayacağını deyib.

Munyos “Hyundai”nin sürücüyə yardım texnologiyalarının inkişafı ilə bağlı planlarından da danışıb. Şirkət 2++ səviyyəli sürücüyə yardım sisteminin tətbiqini 2027-ci ildən 2029-cu ilin sonuna təxirə salıb.

Şirkət rəhbərinin sözlərinə görə, qərarın əsas səbəblərindən biri sistemin təhlükəsizliyinin yoxlanılması və daha geniş həcmdə məlumatların toplanması üçün əlavə vaxta ehtiyacın yaranmasıdır.

“Reuters”in məlumatına görə, “Hyundai” 2028-ci ildə 2+ və 2++ səviyyəli sürücüyə yardım sistemlərinin hazırlanması istiqamətində “Nvidia” ilə əməkdaşlıq etməyi planlaşdırır. Bu əməkdaşlığın şirkətin yeni nəsil avtomobillərində qabaqcıl sürücüyə yardım texnologiyalarının inkişafına xidmət edəcəyi bildirilir.

MONETAR.AZ