Bitcoinin kəskin bahalaşması kriptovalyuta bazarının ümumi kapitallaşmasını bu ilin yanvarından sonra ilk dəfə 3 trilyon dollardan yuxarı qaldırıb.
Monetar.az xəbər verir ki, CoinGecko göstəriciləri əsasında kriptobazarın ümumi kapitallaşması ötən aydan etibarən 740 milyard dollardan çox artıb.
Bazarın yüksəlişi fonunda treyderlərin borc vəsaitlərindən istifadə etməklə apardıqları əməliyyatlar da artıb. Coinglass məlumatına görə, müxtəlif kriptovalyutalar üzrə müddətsiz fyuçerslərdə açıq mövqelərin həcmi təxminən 160 milyard dollara çatıb. Bu, ötən ilin oktyabr ayının sonundan bəri ən yüksək göstəricidir.
Bazar ertəsi kriptovalyutaların sürətli bahalaşması fonunda 920 milyon dollardan çox qısa mövqe məcburi şəkildə bağlanıb. Bu cür əməliyyatlar qiymətlərin daha da yüksəlməsinə səbəb olan “short squeeze” prosesini gücləndirə bilər.
Bununla belə, açıq mövqelərin həcminin artmaqda davam etməsi bazara yeni kredit çiyni ilə açılmış mövqelərin daxil olduğunu göstərir. Bu isə qiymətlərdə kəskin dəyişiklik baş verdikdə məcburi likvidasiyaların növbəti dalğasının yaranması riskini artırır.
Bitcoinin qiyməti ABŞ sessiyası zamanı təxminən 8 faiz artaraq 87 381 dollara yüksəlib. Daha sonra qiymət 85 100 dollar səviyyəsinə geriləyib.
Kriptovalyuta bazarına institusional investorların marağı da artır. ABŞ-da spot Bitcoin ETF-lərinə ötən həftənin cümə axşamı və cümə günləri ümumilikdə 593 milyon dollar xalis vəsait daxil olub.