Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan malların və göstərilən xidmətlərin ümumi dəyəri 56 milyard 838,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 4,7 faiz artım deməkdir.
Dövlət Statistika Komiəsinin məlumatına görə ümumi istehlak bazarının 77,8 faizini pərakəndə ticarət dövriyyəsi, 18,6 faizini əhaliyə göstərilən ödənişli xidmətlər, 3,6 faizini isə ictimai iaşə dövriyyəsi formalaşdırıb.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri də artıb. Bu göstərici illik müqayisədə 4,2 faiz yüksələrək 54 milyard 288,7 milyon manata çatıb. Qeyri-dövlət sektorunda formalaşan dövriyyənin 42,7 faizi fərdi sahibkarların fəaliyyəti hesabına yaranıb.
Dövlət mülkiyyətində olan müəssisə və təşkilatların istehlak bazarında satdığı malların və göstərdiyi xidmətlərin dəyəri isə 2 milyard 549,8 milyon manat təşkil edib. Bu, 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 14,8 faiz çoxdur.
Fərdi sahibkarların fəaliyyəti nəticəsində formalaşan göstərici 23 milyard 185,9 milyon manat olub. Bu, illik müqayisədə nominal ifadədə 1,5 faiz artım deməkdir.
2026-cı ilin ilk səkkiz ayında bir istehlakçı orta hesabla ayda 691,7 manat vəsait xərcləyib. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 63,3 manat çoxdur.
Beləliklə, ilin ilk səkkiz ayında istehlak bazarında həm ümumi dövriyyənin, həm də adambaşına düşən orta aylıq xərclərin artması əhalinin istehlak fəallığının yüksəldiyini göstərir.

MONETAR.AZ