Ərdoğan: Gəlir bərabərsizliyinə qarşı yeni yanaşma qurmalıyıq

Ərdoğan: Gəlir bərabərsizliyinə qarşı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal gəlir bərabərsizliyinin aradan qaldırılması üçün yeni yanaşmanın formalaşdırılmasının vacibliyini bildirib.

Monetar.az xəbər verir ki, Ərdoğan bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı danışıb. Onun çıxışında qlobal gəlir bərabərsizliyi, BMT islahatı, texnologiya, iqlim dəyişikliyi və Türkiyənin Avropanın təhlükəsizlik sistemindəki rolu kimi məsələlər yer alıb.

Ərdoğan bildirib ki, gəlir bərabərsizliyinin dərinləşməsinə qarşı həll yollarının hazırlanması üçün yeni bir yanaşma qurulmalıdır. Onun sözlərinə görə, bunun əsas istiqamətləri birgə inkişaf, həmrəylik və ölkələr arasında əlaqələrin gücləndirilməsidir.

Türkiyə Prezidenti BMT Təhlükəsizlik Şurasının mövcud strukturunun da dəyişdirilməsini təklif edib. O bildirib ki, 190-dan çox ölkənin iradəsinin beş daimi üzvün qərarlarından asılı olduğu sistem ədalətli deyil və islahata ehtiyac var.

Ərdoğan həmçinin texnologiyanın insan mərkəzli inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, texnologiyaya çıxışı olan və olmayan ölkələr arasında yeni fərqlərin yaranmasına yol verilməməli olduğunu bildirib.

Çıxışında Türkiyənin Avropanın təhlükəsizlik və rifahında roluna da toxunan Ərdoğan, Türkiyənin təhlükəsizlik arxitekturasından kənarda saxlanıldığı Avropanın daha güclü və təhlükəsiz olmasının mümkün olmadığını deyib.

Ərdoğan BMT çərçivəsində süni intellekt üzrə beynəlxalq hüquqi çərçivənin yaradılmasına da çağırış edib. O, süni intellektlə bağlı beynəlxalq razılaşmanın hazırlanması istiqamətində işlərin sürətləndirilməsinin vacibliyini qeyd edib.