Xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərin hərəkət imkanlarının genişləndirilməsi və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sabah metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatında bildirilib.
Qeyd olunan imkan Sumqayıt və Xırdalan şəhərlərindən, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələrindən, həmçinin Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsini asanlaşdıracaq.
Belə ki, həmin istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından metroya daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.
Nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılan monitorinqlər və sosial-iqtisadi təhlillər nəticəsində zəruri hesab edilən istiqamətlər üzrə bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi də nəzərdə tutulur.
Görülən tədbirlərin Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat alternativ hərəkət imkanları yaratması, sərnişinlərin vaxt və maliyyə itkilərini azaltması gözlənilir.
Bununla yanaşı, xətlərin ayrılması layihəsinin icrası dövründə sərnişin axınının daha səmərəli bölüşdürülməsi, şəhərin giriş istiqamətlərində ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması və sərnişinlər üçün alternativ marşrutların genişləndirilməsi məqsədi qarşıya qoyulub.