ABŞ-ın İrana qarşı müharibəsinin xərci 25 milyard dollara çatıb

ABŞ-ın İrana qarşı müharibəsinin xərci

ABŞ-ın İrana qarşı apardığı hərbi əməliyyatların indiyədək dəyəri təxminən 25 milyard dollara çatıb. Bu barədə Pentaqon rəsmisi Juls Hörst məlumat verib.

Onun sözlərinə görə, xərclərin böyük hissəsi döyüş sursatlarına sərf olunub. Bununla yanaşı, Yaxın Şərqdə yerləşən hərbi bazalarda infrastruktur ziyanının bərpası və yenidən qurulması xərclərinin bu məbləğə daxil edilib-edilmədiyi açıqlanmayıb.

Məsələ ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxış edən Adam Smit uzun müddətdir bu rəqəmlə bağlı aydın məlumat gözlədiklərini bildirib.

Qeyd edək ki, ABŞ İrana qarşı hərbi əməliyyatlara 28 fevral tarixində başlayıb. Hazırda tərəflər arasında kövrək atəşkəs qüvvədədir. Bildirilir ki, Pentaqon regiona on minlərlə əlavə hərbçi göndərib və ərazidə üç aviadaşıyıcı yerləşdirilib.

Məlumata görə, toqquşmalar zamanı 13 ABŞ hərbçisi həlak olub, yüzlərlə hərbçi isə yaralanıb.

Müharibə fonunda enerji daşıyıcılarının daşınmasında yaranan problemlər ABŞ-da qiymət artımını daha da sürətləndirib. Xüsusilə benzin və kənd təsərrüfatı məhsullarının qiymətlərində ciddi bahalaşma müşahidə olunur.

Eyni zamanda, ictimai rəy sorğuları göstərir ki, ABŞ əhalisinin yalnız 34 faizi İrana qarşı hərbi əməliyyatları dəstəkləyir. Bu göstərici əvvəlki aylarla müqayisədə azalma nümayiş etdirir.

Analitiklər hesab edir ki, qarşıdan gələn aralıq seçkilər ərəfəsində bu məsələ siyasi gündəmdə əsas müzakirə mövzularından biri olaraq qalacaq.