Ölkələr qızıl ehtiyatlarını artırır – ABŞ liderliyini qoruyur

Ölkələr qızıl ehtiyatlarını artırır –

Qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi gərginlik və inflyasiya fonunda mərkəzi banklar qızıl ehtiyatlarını artırmaqda davam edir. Qızıl həm valyutalara etimadı gücləndirən, həm də böhran dövrlərində təhlükəsiz aktiv kimi çıxış edən əsas ehtiyat vasitəsi olaraq qalır.

Məlumata görə, dünyanın ən böyük qızıl ehtiyatına ABŞ malikdir. 2025-ci ilin dekabrına olan göstəricilərə əsasən, ABŞ-ın ehtiyatı 8 100 tondan çoxdur. Bu qızılın böyük hissəsi Fort Noksda saxlanılır və ölkənin valyuta ehtiyatlarının təxminən 75 faizini təşkil edir.

İkinci yerdə Almaniya (3 350 ton), üçüncü yerdə isə İtaliya (2 452 ton) qərarlaşıb. Fransa və Rusiya da böyük qızıl ehtiyatlarına sahib ölkələr sırasında yer alır.

Son illərdə Asiya ölkələrində qızıl ehtiyatlarının artımı daha sürətli müşahidə olunur. Çin 2020–2025-ci illər arasında ehtiyatlarını təxminən 350 ton artıraraq 2 306 tona çatdırıb və dünyada 6-cı yerə yüksəlib.

Hindistan da qızıl ehtiyatlarını artıran ölkələrdəndir. Hindistan Mərkəzi Bankı son 5 ildə ehtiyatlarını 200 tondan çox artıraraq təxminən 900 tona çatdırıb və bu göstərici ilə dünyanın ilk 10 ölkəsi arasında yer alır.

Analitiklər bildirirlər ki, mərkəzi bankların qızıla artan marağı qlobal maliyyə sistemində qeyri-müəyyənliyin davam etdiyini göstərir və qızılın strateji aktiv kimi rolunu daha da gücləndirir.

MONETAR.AZ