Dünya Bankı xəbərdarlıq edir ki, bu il dünya üzrə xammal qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə yüksələcək. Buna səbəb İran müharibəsinin neft və metallar kimi əsas sənaye xammalının tədarükünü pozmasıdır. Bu barədə Bloomberg yazıb.
Təşkilatın “Əmtəə bazarlarının perspektivləri” adlı son hesabatına görə, bu il xammal qiymətləri indeksi təxminən 16% artacaq.
Fevralın sonunda İran ilə bağlı münaqişə başlayandan sonra enerji daşıyıcıları və gübrələrin qiymətləri çoxillik maksimumlara çatıb. Münaqişədən əvvəl dünya üzrə dəniz yolu ilə daşınan xam neftin təxminən üçdə birinin keçdiyi Hörmüz boğazınin faktiki bağlanması enerji və xammal bazarlarında tarixi şok yaradıb.
Dünya Bankının baş iqtisadçısı İndermit Qill bildirib: “Müharibə dünya iqtisadiyyatına dalğavari təsir göstərir: əvvəlcə enerji qiymətləri artır, sonra ərzaq bahalaşır və sonda inflyasiya yüksəlir”.
Əsas ssenariyə görə, tədarükdəki ən ciddi pozuntuların may ayında aradan qalxacağı ehtimal olunur. Bu halda Dünya Bankının enerji qiymətləri indeksi bu il təxminən 24% artacaq. Eyni zamanda, Brent markalı neftin orta qiymətinin bu il bir barel üçün 86 dollar olacağı gözlənilir (yanvar proqnozu 60 dollar idi).
Təbii qaz və gübrə bazarlarında da qiymətlər kəskin yüksəlib. Proqnozlara əsasən, gübrələrin qiyməti bu il 31% artacaq ki, bu da fermerlərin gəlirlərinə və gələcək məhsuldarlığa mənfi təsir göstərə bilər.
Nəticədə ərzaq məhsullarının bahalaşması və qlobal ərzaq təhlükəsizliyi probleminin dərinləşməsi riski artır. Boğazın bağlanması ərzaq idxalından asılı olan ölkələr üçün əsas marşrutları kəsib, yanacaq və daşınma xərclərinin artması isə digər zəruri malların qiymətini yüksəldir.
Ekspertlərin fikrincə, əgər neftin qiyməti 100 dollardan yuxarı qalarsa, bu il daha 45 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər.
İndermit Qill əlavə edib ki, ən çox zərər görənlər gəlirlərinin böyük hissəsini ərzaq və yanacağa xərcləyən aztəminatlı təbəqələr olacaq: “Bütün bunlar bir daha göstərir ki, müharibə inkişafı geri atır.”
MONETAR.AZ