Azərbaycanda bu ilin yanvar-avqust aylarında daşınmaz əmlak üzərində 237 min 785 mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb və əmlak sahiblərinə çıxarışlar təqdim edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qeydiyyata alınan hüquqların 45 min 194-ü və ya 19 faizi ilkin, 192 min 591-i və ya 81 faizi isə təkrar qeydiyyatın payına düşüb.
Hesabat dövründə fərdi yaşayış evləri və bağ evləri üzrə 51 min 504, mənzillər üzrə 60 min 613, torpaq sahələri üzrə isə 116 min 495 mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Bundan başqa, qeyri-yaşayış binaları üzrə 2 min 174, qeyri-yaşayış sahələri üzrə 6 min 505, əmlak kompleksləri üzrə 427, çoxmərtəbəli yaşayış binaları üzrə isə 67 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Qeydiyyata alınan hüquqların 69 min 688-i Bakı şəhərinin, qalan hissəsi isə ölkənin digər bölgələrinin payına düşüb.
Yanvar-avqust aylarında daşınmaz əmlak obyektləri üzrə 167 min 352 texniki pasport tərtib edilib. Eyni zamanda, 43 min 21 ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə, əmlakla bağlı əməliyyatların hüquqi təhlükəsizliyinin təmin edilməsinə və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına imkan yaradır.