Azərbaycanda bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq məhsul satılıb. Satışların 24,1 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatını isə qeyri-ərzaq malları təşkil edib.
Monetar,az Dövlət Statistika Komitəsindən verilən məlumata istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışında artım 1,4 faiz, qeyri-ərzaq mallarında isə 6,9 faiz təşkil edib.
Hesabat dövründə əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin yarıdan çoxu ərzaq məhsullarının alınmasına yönəlib. Ümumi xərclərin 50,1 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil yanacağının alınmasına sərf olunub.
Alış-veriş xərclərinin 4,9 faizi elektrik malları və mebelə, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 17,6 faizi isə digər qeyri-ərzaq mallarına düşüb.
Yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin hər bir üzvü orta hesabla ayda 538,6 manatlıq məhsul alıb. Bu məbləğin 293,1 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 245,5 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.