Bakıda yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayır

Bakıda yeni ekspres avtobus marşrutu

Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə Bakıda daha bir ekspres avtobus marşrutu təşkil edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, “Elmlər Akademiyası” və “Nizami” metrostansiyalarından “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları istiqamətində artan sərnişin tələbatının qarşılanması üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrut xətti fəaliyyətə başlayacaq.

Yeni marşrut üzrə avtobusların “Elmlər Akademiyası” metrostansiyasındakı dayanacağı Hüseyn Cavid prospektində, “Həzi Aslanov” metrostansiyasındakı dayanacağı isə Məhəmməd Hadi küçəsində, metronun qarşısında təşkil ediləcək.

M9 ekspres marşrutunun hərəkət qrafiki metropolitenin iş rejiminə uyğunlaşdırılacaq. Avtobuslar hər gün saat 06:00-dan 00:00-dək sərnişinlərə xidmət göstərəcək.