Azərbaycanda əsas kapitala investisiyalar 12,7 milyard manata çatıb

Azərbaycanda əsas kapitala investisiyalar

Azərbaycanda bu ilin yanvar-avqust aylarında əsas kapitala 12 milyard 677,8 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Monetar.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən  bildirir ki, hesabat dövründə neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 32,4 faiz artaraq 4 milyard 246,7 milyon manata yüksəlib. Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 1,4 faiz artaraq 8 milyard 431,1 milyon manat təşkil edib.

Əsas kapitala yatırılan vəsaitlərin sektorlar üzrə bölgüsündə ən böyük pay məhsul istehsalı sahələrinin üzərinə düşüb. Bu istiqamətdə investisiyaların həcmi real ifadədə 19,6 faiz artaraq 7 milyard 40,7 milyon manata çatıb.

Xidmət sahələrinə yönəldilən investisiyaların həcmi isə real ifadədə 0,7 faiz azalaraq 3 milyard 850,6 milyon manat olub.

Yaşayış evlərinin tikintisinə yatırılan investisiyalar da artıb. Belə ki, bu sahəyə yanvar-avqust aylarında 1 milyard 786,5 milyon manat vəsait yönəldilib ki, bu da illik müqayisədə 1,8 faiz çoxdur.

Beləliklə, ilin ilk səkkiz ayında əsas kapitala investisiyaların artımının əsas mənbəyini məhsul istehsalı sahələri və xüsusilə neft-qaz sektoruna yönəldilən vəsaitlərin əhəmiyyətli dərəcədə yüksəlməsi təşkil edib.