Azərbaycanda sudan ödənişli istifadə qaydaları yeni redaksiyada təsdiqlənib. Monetar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 oktyabr 2026-cı il tarixli, 332 nömrəli qərar qəbul edib.
Yeni qaydalar su ehtiyatlarından istifadəyə görə ödənişlərin hesablanması, suyun uçotunun aparılması, istehlakçıların öhdəlikləri və su təchizatı xidmətlərinin təşkili ilə bağlı məsələləri tənzimləyir.
Sudan istifadəyə görə ödəniş necə hesablanacaq?Qərara əsasən, sudan istifadəyə görə ödənişlər təchiz edilən suyun həcmi və təsdiq edilmiş tariflər əsasında hesablanacaq. Ödəniş məbləği suyun təyinatından, keyfiyyətindən, götürülmə və nəqledilmə üsulundan, eləcə də su təsərrüfatı sistemlərinin texniki xüsusiyyətlərindən asılı olacaq.
Su obyektlərindən texniki qurğular və avadanlıqlar vasitəsilə su götürülməsinə görə ödəniş tətbiq ediləcək. Suölçmə cihazı quraşdırılan hallarda sərfiyyat cihazın göstəriciləri əsasında müəyyənləşdiriləcək.
Suölçmə cihazı olmadıqda isə suyun həcmi elektrik enerjisinin sərfiyyatı və ya su götürən qurğuların texniki imkanları nəzərə alınmaqla hesablanacaq.
Kimlər sudan istifadəyə görə ödəniş edəcək?Yeni qaydalara əsasən, xam suyun təchizatı üzrə ödənişlər aşağıdakı istehlakçı qruplarını əhatə edir:
- Əkin, həyətyanı və bağ sahələrinin suvarılması üçün su alanlar;
- Qış otlaqlarının və örüş sahələrinin istifadəçiləri;
- Balıqçılıq təsərrüfatları;
- Ev təsərrüfatları;
- Sənaye müəssisələri;
- Energetika müəssisələri;
- Digər fiziki və hüquqi şəxslər.
Xam suyun təchizatı “Regional Su Meliorasiya” QSC tərəfindən həyata keçiriləcək. İstehlakçılar istifadə etdikləri suyun dəyərini cari ay üçün növbəti ayın 10-dək ödəməli olacaqlar.
Suvarma suyunun qiymətini kim müəyyən edəcək?Qaydalara görə, Sudan İstifadəedənlər Birlikləri (SİB) əkin sahələrinə verilən suvarma suyuna görə sərbəst qiymətlər müəyyən edə biləcəklər. Lakin bu qiymətlər təsdiq edilmiş tarifin yuxarı həddini keçməməlidir.
Suvarma suyunun verilməsi istehlakçılarla bağlanan və aylar üzrə su istifadəsi qrafikini əks etdirən müqavilələr əsasında həyata keçiriləcək.
Suölçmə cihazı olmadıqda, əkin sahələrinə verilən suyun həcmi müvafiq sahələr üçün müəyyən edilmiş suvarma normaları əsasında hesablanacaq.
Su çatışmazlığı zamanı nə baş verəcək?Yeni qaydalara əsasən, su mənbələrində çatışmazlıq yarandıqda “Regional Su Meliorasiya” QSC istehlakçıları, fors-major hallar istisna olmaqla, 30 təqvim günü əvvəlcədən xəbərdar etməlidir.
Belə hallarda verilən xam suyun miqdarı mütənasib şəkildə azaldılacaq. Su bölgüsü zamanı əhalinin içməli suya olan tələbatı nəzərə alınmaqla bərabər təminat prinsipinə əməl olunmalıdır.
İstehlakçılar da suyun həcminin dəyişdirilməsi ilə bağlı təkliflərini su verilməsinə başlanmazdan ən azı 30 təqvim günü əvvəl təqdim etməlidirlər.
Hansı hallarda sudan ödənişsiz istifadə mümkündür?Qaydalarda müəyyən istisnalar da nəzərdə tutulub. Belə ki, ümumi istifadədə olan və hamı üçün açıq su obyektlərindən fiziki şəxslər şəxsi ehtiyacları üçün, o cümlədən çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu və texniki qurğulardan istifadə etmədən su götürülməsi məqsədilə ödənişsiz istifadə edə bilərlər.
Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən tələb olunan həcmdə ödənişsiz su götürülməsinə də icazə verilir.
Bundan başqa, qaydalarda müəyyən edilmiş şərtlərə uyğun olaraq, torpaq sahibləri öz torpaqlarının hüdudlarında şəxsi ehtiyaclarını ödəmək üçün birinci təzyiqsiz sulu horizonta quyular qazdırıb istismar edə və müvafiq ödənişlərdən azad ola bilərlər.
Təbii su mənbələrindən götürülən suya görə bəzi xüsusi istisnalar da müəyyən edilib. Bunlara “Regional Su Meliorasiya” QSC-nin emal edilməmiş su ilə təmin edilməsi, müvafiq qurumlar tərəfindən içməli su təchizatı və “Azərenerji” ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə daxildir.
Suya görə ödənişə nəzarət necə aparılacaq?Su ehtiyatlarının uçotu, ödənişlərə və sudan istifadəyə nəzarət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçiriləcək.
Agentlik və onun tabeliyindəki müvafiq qurumlar su təchizatı və tullantı sularının axıdılması üzrə uçotun aparılmasını, istehlakçıların müəyyənləşdirilməsini və məlumatların “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edilməsini təmin edəcəklər.
Qeyd edək ki, sudan istifadəyə görə müvafiq tariflər və onların yuxarı həddi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir.
Yeni qaydaların əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadəni təşviq etmək, suyun dəqiq uçotunu təmin etmək və su təsərrüfatı sahəsinin maliyyə dayanıqlığını gücləndirməkdir.