Azərbaycanda xalça və xalça məmulatlarının istehsalında kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 105,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48 dəfə çoxdur.
Monetar.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, sentyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 5,3 min kvadratmetr hazır xalça məhsulu ehtiyatı olub. Anbarlardakı hazır məhsul ehtiyatı illik müqayisədə 5,4 faiz azalıb.
Xalça istehsalındakı artım ixrac göstəricilərində də özünü göstərib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin ilk səkkiz ayında Azərbaycandan xarici bazarlara 243,22 min dollar dəyərində xalça və digər toxunma döşəmə örtükləri ixrac edilib. İxracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə artıb.
Eyni zamanda, xalça və digər toxunma döşəmə örtüklərinin idxalında azalma qeydə alınıb. Hesabat dövründə ölkəyə 10 milyon 946,93 min dollar dəyərində belə məhsullar gətirilib ki, bu da illik müqayisədə 14 faiz azdır.
Müqayisə üçün, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda cəmi 2,2 min kvadratmetr xalça və xalça məmulatları istehsal olunub. Həmin dövrdə ölkədən 55,8 min dollar dəyərində xalça və digər toxunma döşəmə örtükləri ixrac edilib, idxalın dəyəri isə 12 milyon 734,74 min dollar təşkil edib.
Beləliklə, 2026-cı ilin ilk səkkiz ayında xalça istehsalının və ixracının artması, eyni zamanda idxalın azalması ölkənin xalça bazarında yerli istehsalın payının genişlənməsi baxımından diqqət çəkən dinamika formalaşdırıb.
