Çinin iyulda ticarət profisiti proqnozları üstələyib

 Çinin iyulda ticarət profisiti

Çin iyul ayında qlobal xarici tələbatın dayanıqlı qalması və ixracın güclü artımı fonunda bazar gözləntilərini üstələyən ticarət profisiti qeydə alıb.

Bununla yanaşı, ay ərzində idxal da yüksək templə artsa da, həm ixrac, həm də idxal artımının əvvəlki ayla müqayisədə zəifləməsi nəticəsində ticarət profisiti azalıb.

Cümə günü açıqlanan rəsmi məlumatlara görə, iyul ayında Çinin ticarət profisiti 112,5 milyard dollar təşkil edib. Bu göstərici analitiklərin 107,1 milyard dollarlıq proqnozunu üstələsə də, iyunda qeydə alınan 125,62 milyard dollarlıq profisitdən aşağı olub.

İxrac illik müqayisədə 23,9% artaraq gözlənilən 23%-lik artımı geridə qoyub. Bununla belə, artım tempi əvvəlki ay qeydə alınan 27%-lə müqayisədə zəifləyib.

Mütəxəssislərin fikrincə, bu dinamika Çin məhsullarına xarici tələbatın ilin əvvəlindəki yüksək artımdan sonra tədricən sabitləşməyə başladığını göstərir. Bu il ixracın güclü artımında xarici alıcıların ABŞ və İran arasındakı gərginlik fonunda sifarişləri əvvəlcədən yerləşdirməsi də mühüm rol oynayıb. Analitiklər hesab edirlər ki, ehtiyatların artması səbəbindən bu tendensiya yaxın aylarda zəifləyə bilər.

Çinin iyul ayı üzrə İşgüzar Fəallıq İndeksi (PMI) də ölkə iqtisadiyyatında aktivliyin əvvəlki aylarla müqayisədə yavaşladığını göstərib.

İdxal isə iyul ayında illik ifadədə 27,5% artıb. Bu göstərici bazarın 29,7%-lik proqnozundan və əvvəlki ay qeydə alınan 36%-lik artım tempindən aşağı olub.

Ekspertlər bildirirlər ki, bu il idxalın yüksək səviyyədə qalmasına süni intellekt infrastrukturu üçün komponentlərə artan daxili tələbat, eləcə də neft qiymətlərinin yüksəlməsi təsir göstərib.

İxrac son rüblərdə Çin iqtisadiyyatının əsas artım mənbələrindən biri olaraq qalır və daxili istehlakın, eləcə də özəl investisiyaların zəif dinamikasını qismən kompensasiya edir.

MONETAR.AZ