Qlobal iqtisadi gücün 200 illik dəyişimi: liderlik Çindən ABŞ-a, sonra Asiyaya yönəlir

Qlobal iqtisadi gücün 200 illik dəyişimi: liderlik Çindən ABŞ-a,

Son 200 ildə dünya iqtisadiyyatında liderlik bir neçə dəfə dəyişib.

Monetar.az xəbər verir ki, alıcılıq qabiliyyəti pariteti (PPP) əsasında hazırlanan araşdırmaya görə, 2025-ci ildə qlobal ÜDM-də ən böyük paya Çin sahib olub.

Məlumata əsasən, 1820-ci ildə Çin dünya ÜDM-nin 28,6 faizini təşkil edirdi. Lakin XIX və XX əsrlərdə ölkənin iqtisadi çəkisi azalıb, 1960-cı ildə bu göstərici 5,3 faizə enib. Sonrakı dövrlərdə aparılan iqtisadi islahatlar və Çinin qlobal istehsal mərkəzinə çevrilməsi nəticəsində pay yenidən artaraq 2025-ci ildə 21,8 faizə çatıb.

XIX əsrdə isə dünyanın əsas iqtisadi gücü Britaniya imperiyası olub. Sənayeləşmənin ilk başladığı ölkə olan Böyük Britaniya 1845-ci ildə qlobal ÜDM-də 23,8 faizlik payla zirvəyə yüksəlib. Lakin sonrakı dövrlərdə imperiyanın təsirinin azalması ilə bu göstərici 2025-ci ildə 1,9 faizə düşüb.

XX əsr isə əsasən ABŞ-ın iqtisadi üstünlüyü ilə yadda qalıb. Araşdırmaya görə, ABŞ-ın dünya ÜDM-də payı 1944-cü ildə İkinci Dünya müharibəsi dövründə rekord həddə çataraq 29,7 faiz olub. 2025-ci ildə isə bu göstərici 14,7 faiz təşkil edib.

Avropa İttifaqının qlobal iqtisadi çəkisi 2007-ci ildə 17,9 faizlə ən yüksək səviyyəyə çatıb. Sonrakı illərdə bu pay azalıb və Böyük Britaniyanın ittifaqdan çıxması da göstəriciyə təsir edib.

Hindistan isə son illərdə dünya iqtisadiyyatında mövqeyini gücləndirən ölkələrdən biri olub. 2025-ci ildə Hindistanın qlobal ÜDM-də payı 9 faiz təşkil edib.

Araşdırmaya əsasən, 2025-ci ildə Çin və Hindistan birlikdə dünya iqtisadiyyatının 30,8 faizini təşkil edib. Əhalinin çoxluğu və istehsal xərclərinin nisbətən aşağı olması bu ölkələrin PPP hesablamalarında yüksək pay əldə etməsinə səbəb olub.

Mütəxəssislər bildirirlər ki, gələcəkdə qlobal iqtisadi güc balansının dəyişməsi əsasən Çinin demoqrafik vəziyyəti, məhsuldarlıq səviyyəsi və iqtisadi artım imkanlarından asılı olacaq.