Dünyanın ən rəqabətqabiliyyətli iqtisadiyyatları 

Dünyanın ən rəqabətqabiliyyətli

Sinqapur 2026-cı ildə dünyanın ən rəqabətqabiliyyətli iqtisadiyyatı seçilib. Honq-Konq və İsveçrə reytinqdə müvafiq olaraq ikinci və üçüncü yerləri tutub.

Monetar.az xəbər verir ki, Beynəlxalq İdarəetmə İnkişafı İnstitutunun (IMD) hazırladığı reytinqdə 70 iqtisadiyyat qiymətləndirilib.

Reytinqdə Sinqapur 100 balla ilk sırada qərarlaşıb. Honq-Konq 95,6 balla ikinci, İsveçrə 95,3 balla üçüncü olub. Tayvan 94,3 balla dördüncü yeri tutub.

Birləşmiş Ərəb Əmirlikləri, Danimarka və İrlandiya 94,1 balla növbəti pillələrdə yer alıblar. Niderland 90,1 balla səkkizinci, İsveç 88,5 balla doqquzuncu, ABŞ isə 86,8 balla 10-cu olub.

Reytinqdə Qətər 11-ci, Çin 12-ci, Səudiyyə Ərəbistanı 13-cü, Lüksemburq 14-cü, Malayziya isə 15-ci sırada qərarlaşıb.

IMD reytinqi iqtisadi göstəricilər, hökumətin səmərəliliyi, biznes mühiti və infrastruktur olmaqla dörd əsas istiqamət üzrə hazırlanıb. Qiymətləndirmədə 341 meyar nəzərə alınıb.

Qeyd edək ki, iqtisadiyyatın ümumi həcmi onun rəqabətqabiliyyətini birbaşa müəyyən etmir. Dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ reytinqdə yalnız 10-cu yerdə qərarlaşıb.

2026-cı ildə Vyetnam ilk dəfə IMD-nin rəqabətqabiliyyətlilik reytinqinə daxil edilib.