Tramp Çin avtomobillərinin ABŞ-da istehsalına razıdır

Tramp Çin avtomobillərinin ABŞ-da

ABŞ Prezidenti Donald Tramp Çin istehsalı avtomobillərin ölkə bazarına idxalına qoyulan mövcud məhdudiyyətləri aradan qaldırmaq niyyətində olmadığını bildirib. Bununla yanaşı, Çin avtomobil istehsalçılarının ABŞ ərazisində zavod açaraq avtomobilləri amerikalı işçilərin iştirakı ilə istehsal etməsinə qarşı olmadığını deyib.

Tramp Çində istehsal olunan avtomobillərin ABŞ bazarına daha geniş şəkildə buraxılacağı barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, məhdudiyyətlərin götürülməsi daxili avtomobil bazarının “həddindən artıq doldurulmasına” səbəb ola bilər.

Prezident Çin şirkətlərinin ABŞ-da istehsal həyata keçirməsi ilə hazır avtomobillərin ölkəyə idxalı arasında fərq qoyub. O, belə investisiyaları Yaponiyanın avtomobil istehsalçılarının ABŞ-dakı fəaliyyəti ilə müqayisə edib.

“Əgər Çin buraya gəlib öz avtomobillərinin istehsalı üzrə zavod açmaq istəsə, mən bunun əleyhinə olmaram”, – deyə Tramp “Fox News”a müsahibəsində bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Çin avtomobil istehsalçıları belə zavodlarda amerikalı işçiləri işə götürməli olacaqlar.

“BYD” və “Geely Automobile” kimi Çin şirkətləri, xüsusilə elektromobil seqmentində, xarici bazarlarda sürətlə genişlənirlər. Çin avtomobillərinin Kanada və Meksika da daxil olmaqla müxtəlif bazarlarda mövqelərini gücləndirməsi ABŞ avtomobil istehsalçıları arasında narahatlıq yaradır.

Hazırda Çin avtomobilləri yüksək idxal rüsumları, eləcə də ABŞ Ticarət Nazirliyinin Çin və bir sıra digər ölkələrlə əlaqəli şəbəkəyə qoşulmuş nəqliyyat vasitələrinin (connected vehicles) sistemlərinə tətbiq etdiyi məhdudiyyətlər səbəbindən ABŞ bazarına faktiki olaraq daxil ola bilmir.

Trampın son açıqlamaları Vaşinqtonda Çin Prezidenti Si Tszinpinlə keçirilməsi planlaşdırılan sammit ərəfəsinə təsadüf edir. O, daha əvvəl də, o cümlədən yanvar ayında, Çin avtomobil istehsalçılarının ABŞ ərazisində avtomobil istehsal edə biləcəyini istisna etməmişdi.

Bu ilin əvvəlində “Ford” şirkətinin baş icraçı direktoru Cim Farli ilə Tramp administrasiyasının rəsmiləri arasında Çin şirkətlərinin ABŞ-da avtomobil yığmasına imkan verə biləcək mexanizmlə bağlı ilkin müzakirələr aparılıb. Ehtimal olunan modelin əsas şərtlərindən biri yerli avtomobil istehsalçılarının maraqlarının qorunması olub. Lakin bununla bağlı hələlik konkret qərar qəbul edilməyib.

Çin avtomobil şirkətlərinin ABŞ-da istehsalına icazə verilməsi məsələsi siyasi baxımdan da mübahisəli olaraq qalır. Senatorlar Elissa Slotkin və Berni Moreno Çin və ABŞ üçün təhlükə hesab edilən digər ölkələrlə əlaqəli şəbəkəyə qoşulmuş nəqliyyat vasitələri, proqram təminatı və avadanlıqlara məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim ediblər.

“Ford”, “General Motors” və Birləşmiş Avtomobil Fəhlələri Həmkarlar İttifaqının (UAW) dəstəklədiyi təşəbbüs, həmçinin 15 faizdən çox payı Çin qurumlarına məxsus olan avtomobil istehsalçılarının şəbəkəyə qoşulmuş nəqliyyat vasitələrinin satışının qadağan edilməsini nəzərdə tutur.

MONETAR.AZ