Samsung rəngli ekranlı ağıllı eynəklər buraxacaq

Samsung rəngli ekranlı

“Samsung” istifadəçinin gözləri qarşısında məlumatları birbaşa nümayiş etdirə bilən yeni nəsil ağıllı eynəklər hazırlamağı nəzərdən keçirir.

Cənubi Koreyanın “The Elec” nəşrinin məlumatına görə, şirkət linzaya inteqrasiya edilmiş ekran texnologiyasından istifadə edən cihaz üzərində araşdırmalar aparır. Bildirilir ki, “Samsung” bir neçə texnoloji variantı qiymətləndirsə də, hazırda rəngli ekrana üstünlük verir.

Bu istiqamətdə “Meta Ray-Ban Display” eynəkləri nümunə kimi göstərilir. Həmin cihazlarda sağ linzanın kənarında yerləşən 600×600 piksel ölçülü kiçik ekran vasitəsilə bildirişlər, mesajlar və naviqasiya məlumatları istifadəçiyə təqdim olunur.

“Samsung”un isə daha fərqli həll üzərində düşündüyü bildirilir. Şirkətin ekranı yalnız bir linzanın kənarında yerləşdirmək əvəzinə, hər iki gözün qarşısında formalaşdırmaq imkanını araşdırdığı qeyd olunur.

Belə bir texnologiyada görüntü istifadəçinin birbaşa görmə sahəsinə yerləşdirilə bilər. Bununla belə, ilkin məlumatlara əsasən, söhbətin daha çox artırılmış reallıq (AR) cihazlarında istifadə olunan texnologiyaya yaxın həllərdən getdiyi ehtimal edilir.

Əgər layihə reallaşarsa, “Samsung” ağıllı eynəkləri sadəcə bildirişləri göstərən aksesuar səviyyəsindən çıxararaq məlumatların istifadəçinin görmə sahəsində daha geniş formada təqdim edildiyi yeni cihaz kateqoriyasına daşıya bilər.

MONETAR.AZ