Rusiyada 5G mobil rabitəsinin rəsmi tətbiqinə başlanılıb. Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin məlumatına görə, ölkənin dörd böyük mobil operatoru 16 şəhərdə 5G şəbəkəsini istifadəyə verib.
Artıq 10 milyon abunəçi yeni nəsil yüksək sürətli mobil rabitədən istifadə imkanına sahibdir. Nazirliyin planına əsasən, 2026-cı ilin sonunadək 5G xidmətlərinin daha 50 şəhərdə əlçatan olması nəzərdə tutulur.
Hazırda 5G şəbəkəsi Moskva, Tver, Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Kazan, Samara, Yaroslavl, Ufa, Volqoqrad, Krasnoyarsk, Perm, Çelyabinsk, Veliki Novqorod, Nijni Novqorod və Krasnodar şəhərlərində fəaliyyət göstərir.
Yeni nəsil rabitə xidmətlərini MTS, “Meqafon”, “Bilayn” və T2 operatorları təqdim edir. Bununla belə, 5G şəbəkəsi bütün şəhərlərdə bütün operatorlar tərəfindən eyni vaxtda istifadəyə verilməyib. Məsələn, Moskva və Sankt-Peterburqda dörd operatorun hamısı 5G xidməti göstərir. Ufada şəbəkə yalnız MTS, Yaroslavlda isə “Bilayn” tərəfindən təqdim olunur.
Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına görə, yüksəksürətli mobil internetdən istifadə imkanının yaxın vaxtlarda bütün uyğun Android smartfonlarına genişləndirilməsi gözlənilir.
iPhone istifadəçiləri üçün isə vəziyyət fərqlidir. Nazirlik bildirib ki, Apple cihazlarında 5G xidmətinin aktivləşdirilməsi “Apple” şirkətinin qərarından və müvafiq proqram təminatı yeniləməsindən asılı olacaq.
MONETAR.AZ