Azərbaycanda kreditlərin 77 faizi Bakının payına düşür

Azərbaycanda kreditlərin 77 faizi

Azərbaycanda kredit qoyuluşlarının ümumi həcmi 33,7 milyard manata çatıb. Monetar.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 30 sentyabr 2026-cı il tarixinə ölkə üzrə kredit portfeli 33 milyard 684,7 milyon manat təşkil edib.

Kreditlərin böyük hissəsi Bakı iqtisadi rayonunun payına düşüb. Paytaxtda kredit qoyuluşlarının həcmi 25 milyard 763,7 milyon manat olub. Bu, ölkə üzrə ümumi kredit portfelinin təxminən 76,5%-i deməkdir.

Kredit həcminə görə Bakıdan sonra Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb. Burada göstərici 1 milyard 289,7 milyon manat təşkil edib. Gəncə-Daşkəsən iqtisadi rayonunda kreditlərin həcmi 997 milyon manata yaxın olub.

Lənkəran-Astara iqtisadi rayonunda kredit qoyuluşları 767,7 milyon manat, Şəki-Zaqatala iqtisadi rayonunda 715,5 milyon manat, Mərkəzi Aran iqtisadi rayonunda isə 654,9 milyon manat təşkil edib.

Ən aşağı göstərici Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Burada kreditlərin ümumi həcmi 38,4 milyon manat olub. Dağlıq Şirvan iqtisadi rayonunda bu rəqəm 231,2 milyon manat, Mil-Muğan iqtisadi rayonunda isə 388 milyon manata yaxın təşkil edib.

Beləliklə, kredit qoyuluşlarının regionlar üzrə bölgüsündə Bakı ilə digər iqtisadi rayonlar arasında ciddi fərq müşahidə olunur.