Çin bankların kapitalını artırmaq üçün istiqraz buraxacaq

Çin bankların kapitalını artırmaq üçün

Çin səkkiz dövlət maliyyə institutunun əsas I dərəcəli kapitalını gücləndirmək üçün 300 milyard yuan (45 milyard dollar) həcmində xüsusi xəzinə istiqrazları buraxacaq. Maliyyə Nazirliyinin məlumatına görə, bu addım maliyyə sisteminin dayanıqlığını artırmaq və iqtisadiyyatın kreditləşdirilməsini dəstəkləmək məqsədi daşıyır.

Vəsaitlər “Industrial & Commercial Bank of China” (ICBC), “Agricultural Bank of China”, “China Export-Import Bank”, “China Export & Credit Insurance Corp.”, “People’s Insurance Company of China”, “China Life Insurance”, “China Taiping Insurance Group” və “China Reinsurance Group”a yönəldiləcək.

Maliyyə Nazirliyi sözügedən institutları maliyyə baxımından sabit, yüksək keyfiyyətli aktivlərə malik və əsas tənzimləyici göstəriciləri təhlükəsiz səviyyədə olan qurumlar kimi xarakterizə edib.

Bu açıqlama iri dövlət banklarının kapital artırılması planlarını elan etməsindən bir gün sonra verilib. “Agricultural Bank” müəyyən investorlar arasında A seriyalı səhmlərin yerləşdirilməsi yolu ilə 160 milyard yuanadək, ICBC isə 100 milyard yuan vəsait cəlb etməyi planlaşdırır. Hər iki bank cəlb olunan vəsaitin tam şəkildə əsas I dərəcəli kapitalın artırılmasına yönəldiləcəyini bildirib.

Çin banklarında kapitalın artırılması xalis faiz marjasının rekord səviyyədə aşağı düşdüyü bir dövrə təsadüf edir. Bu vəziyyət bankların bölüşdürülməmiş mənfəət hesabına kapital bazasını genişləndirmək imkanlarını məhdudlaşdırır.

“Bloomberg”in məlumatına görə, iyunun sonuna Çin bank sektorunda kapital adekvatlığının orta göstəricisi 15,26%, əsas I dərəcəli kapitalın orta əmsalı isə 10,72% təşkil edib.

Son qərar 2024-cü ildə başlayan və Çinin ən iri maliyyə institutlarının kapital bazasının gücləndirilməsini nəzərdə tutan siyasətin davamıdır. Ötən il “Bank of China” və “Postal Savings Bank of China” dövlət istiqrazları hesabına maliyyələşdirilən, ümumi həcmi 69 milyard dollar olan kapital inyeksiyası alan dörd kredit təşkilatı arasında yer alıb.

Sığorta şirkətlərinə kapital dəstəyi isə uzunmüddətli aşağı faiz dərəcələri dövründən sonra göstərilir. Belə bir mühit investisiya gəlirləri ilə sığorta öhdəliklərinin dəyəri arasındakı fərqin azalmasına səbəb olub.

Hökumət “Agricultural Bank”ın yerləşdirilməsi çərçivəsində 130 milyard yuan, ICBC-nin yerləşdirilməsi çərçivəsində isə 70 milyard yuan məbləğində səhm almağı planlaşdırır. Çin Tütün Sənayesi (“China National Tobacco”) də hər iki yerləşdirmədə iri investor kimi çıxış edəcək.

Maliyyə Nazirliyi “People’s Insurance” şirkətinin 15 milyard yuanlıq yerləşdirilməsini tam şəkildə öz üzərinə götürəcək. Bundan əlavə, “China Eximbank”a 30 milyard yuan, “China Life”a 35 milyard yuan, “China Taiping”ə 7 milyard yuan, “China Reinsurance”a 3 milyard yuan, “China Export & Credit Insurance Corp.”a isə 10 milyard yuan kapital yatırılacaq.

Kapital bazasının möhkəmləndirilməsi institutlara kredit tələbatının zəif olduğu və kredit marjalarının daraldığı şəraitdə müəssisələrə və ev təsərrüfatlarına daha geniş maliyyə dəstəyi göstərmək, həmçinin strateji sahələri, infrastrukturu və özəl şirkətləri kreditləşdirmək üçün əlavə imkanlar yarada bilər.

Pekin bununla yanaşı, daşınmaz əmlak bazarındakı tənəzzül, yerli hakimiyyət orqanlarının yüksək borcluluğu və zəif istehlak tələbatı ilə bağlı maliyyə risklərini məhdudlaşdırmağa, eyni zamanda iqtisadiyyatın dəstəklənməsində maliyyə sektorunun rolunu qorumağa çalışır.

Bazarın reaksiyası isə nisbətən təmkinli olub. Honkonqda ticarətin əvvəlində ICBC-nin səhmləri 0,78%, “Agricultural Bank”ın səhmləri 0,69% ucuzlaşıb. “People’s Insurance”ın səhmlərinin qiyməti isə demək olar ki, dəyişməyib.

MONETAR.AZ