Cari ilin yanvar-avqust aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 224 milyon 195,4 min manat vəsait geri qaytarılıb.
Maliyyə Nazirliyinin AZƏRTAC-a verdiyi məlumata görə, geri qaytarılan vəsait fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə obyektlərində aldıqları mallara, mədəniyyət sahəsində göstərilən xidmətlərə — teatr, kino, muzey və konsertlərə, eləcə də tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı olub. Bu məbləğə işğaldan azad edilmiş ərazilərdə göstərilən mehmanxana xidmətlərinə, həmçinin əcnəbilərin ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödənilmiş ƏDV-nin geri qaytarılması da daxildir.
Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi də vətəndaşlara geri ödənilib.
Hesabat dövründə artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları üzrə vəsaitlərin geri qaytarılması da həyata keçirilib.