"Reuters"in Yaponiya hökumətinin məlumatlarına istinadən yaydığı xəbərə görə, ölkə avqust ayında ienanın məzənnəsini dəstəkləmək məqsədilə rekord həcmdə – 15,4 trilyon yen (təxminən 98,7 milyard ABŞ dolları) məbləğində valyuta müdaxiləsi həyata keçirib. Müdaxilələr iyulun 30-dan avqustun 26-dək davam edib və bir ay ərzində qeydə alınan ən böyük həcm olub.
Müdaxilələrin bir hissəsi Yaponiya və ABŞ tərəfindən koordinasiyalı şəkildə həyata keçirilib. Bu, iki ölkənin 2011-ci ildən bəri valyuta bazarında ilk birgə müdaxiləsi hesab olunur. Tokionun genişmiqyaslı müdaxilələri davam etdirmək imkanına dair narahatlıqları azaltmaq məqsədilə Yaponiya və ABŞ pandemiya dövründə iri mərkəzi bankların likvidliyini dəstəkləmək üçün yaradılmış Federal Ehtiyat Sisteminin valyuta svop mexanizmindən də istifadə ediblər.
15,4 trilyon yenlik müdaxilə əvvəlki aylıq rekordu əhəmiyyətli dərəcədə üstələyib. "The Japan Times"ın məlumatına görə, əvvəllər ən yüksək göstərici hesab olunan 2026-cı ilin aprel və may aylarında həyata keçirilmiş üç müdaxilə çərçivəsində ümumilikdə 11,73 trilyon yen xərclənmişdi. Beləliklə, Tokio yalnız iyul-avqust əməliyyatları zamanı əvvəlki rekorddan təxminən 3,7 trilyon ien çox vəsait sərf edib.
Aprel–may aylarında keçirilən müdaxilələr də nəzərə alındıqda, Yaponiyanın 2026-cı ildə ienanın dəstəklənməsinə yönəltdiyi ümumi vəsait 27 trilyon yeni ötüb. "The Japan Times" qeyd edir ki, bu göstərici 2024-cü ildə müəyyən edilmiş əvvəlki illik rekorddan – təxminən 15 trilyon yendən – demək olar ki, iki dəfə çoxdur.
"Reuters"in məlumatına görə, müdaxilələr nəticəsində yen ABŞ dollarına qarşı 40 ilin minimumu hesab olunan 1 dollar = 164 yen səviyyəsindən avqustun 3-dək 155,2 yenədək möhkəmlənib. Sonradan məzənnə təkrar 160 yen ətrafına qədər zəifləsə də, sentyabrın əvvəlində yen dəyər qazanaraq 155–156 yen diapazonunda ticarət olunmağa başlayıb.
MONETAR.AZ