Yaponiya öz valyutasını dəstəkləmək üçün bir ayda rekord məbləğ xərcləyib

Yaponiya öz valyutasını dəstəkləmək üçün bir ayda rekord

"Bloomberg" xəbər verir ki, Yaponiya hökuməti yenanın son 40 ilin ən aşağı səviyyəsinə enməsindən sonra milli valyutanı dəstəkləmək məqsədilə son bir ay ərzində rekord həcmdə — 96,4 milyard dollar vəsait xərcləyib. Bu, hakimiyyətin valyuta bazarında daha aqressiv müdaxilə strategiyasına hazır olduğunu göstərir.

Yaponiya Maliyyə Nazirliyinin cümə günü açıqladığı məlumata görə, 30 iyul–26 avqust tarixləri arasında valyuta intervensiyalarına 15,4 trilyon yena sərf olunub. Bu, bir aylıq dövr üzrə indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Kampaniyaya ABŞ-nin spekulyatorlara yenaya qarşı mövqe tutmamağa çağıran dəstəyi də əlavə təsir göstərib.

Yaponiyanın maliyyə naziri Satsuki Katayama və ABŞ-nin maliyyə naziri Skott Bessent avqustun əvvəlində 31 iyul tarixində həyata keçirilmiş koordinasiyalı valyuta müdaxiləsini təsdiqləyərək, zərurət yaranacağı təqdirdə bazara yenidən müdaxilə etməyə hazır olduqlarını bildiriblər. ABŞ-nin müdaxilə üçün ayırdığı vəsait Yaponiyanın rəsmi statistikasına daxil edilməsə də, həcmi daha kiçik olsa belə, simvolik baxımdan mühüm əhəmiyyət daşıyır.

"SMBC Nikko Securities" şirkətinin analitiki Rinto Maruyamanın sözlərinə görə, bu, olduqca böyük məbləğdir.

Onun fikrincə, Yaponiya bu il valyuta intervensiyalarına artıq 27 trilyon yena xərcləsə də, dollar/yen məzənnəsi hələ də 160 səviyyəsinin bir qədər aşağısında qalır ki, bu da yenaya təzyiqin nə qədər güclü olduğunu göstərir.

30 iyul tarixində ilk müdaxilə həyata keçirilməzdən əvvəl dollar qarşısında təxminən 164 səviyyəsində olan yena 3 avqustda 155,23 səviyyəsinədək möhkəmlənmişdi. Bu, hökumətin iki ay əvvəlki rekord müdaxilələrdən sonra yenidən zəifləyən milli valyutanı dəstəkləməkdə qərarlı olduğunu nümayiş etdirir.

Yaponiya Bankının faiz qərarı ilə eyni gün Tokio və Vaşinqtonun birgə bazara müdaxilə etməsi 1998-ci ildən bəri yenanı dəstəkləmək məqsədilə həyata keçirilən ilk koordinasiyalı intervensiya olub. ABŞ-nin adətən valyuta bazarına müdaxilədən çəkinməsi nəzərə alınarsa, Vaşinqtonun bu addımı yenanın zəifliyi ilə bağlı narahatlığın hər iki ölkə tərəfindən bölüşüldüyünə işarə kimi qiymətləndirilir.

Skott Bessent daha sonra jurnalistlərə qeydlərində 10 milyard dollara qədər həcmdə yena alışının nəzərdə tutulduğunu göstərib. Müqayisə üçün, ABŞ-nin 1998 və 2011-ci illərdəki analoji müdaxilələri təxminən 1 milyard dollar həcmində olmuşdu. Müdaxilədən sonra Bessent "X" sosial şəbəkəsində paylaşım edərək ABŞ-nin Yaponiyanın yenanın ucuzlaşmasının qarşısını almaq istiqamətində atdığı addımları qətiyyətlə dəstəklədiyini bildirib.

Birgə müdaxilə, həmçinin Yaponiya Bankının sentyabr ayında faiz dərəcələrini artıracağına dair gözləntiləri gücləndirib ki, bu da yenaya əlavə dəstək verə bilər. Cümə axşamı dollar/yen məzənnəsi 159,68 səviyyəsində ticarət olunub. Valyuta intervensiyalar nəticəsində əldə etdiyi qazancın yarıdan çoxunu itirsə də, artıq dörd həftəyə yaxındır ki, 160 həddini keçməyib.

Maruyamanın sözlərinə görə, ABŞ prosesə qoşulduqdan sonra bazar iştirakçıları hakimiyyətin valyutanı müdafiə etmək üçün sərf edə biləcəyi vəsaitin faktiki olaraq məhdud olmadığını anlayırlar. Onun fikrincə, məhz bu səbəbdən koordinasiyalı müdaxilə kifayət qədər effektiv nəticə verib.

MONETAR.AZ