Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Bakının bir sıra yollarında hərəkət

Sentyabrın 4-ü və 5-də “Alufar IRONMAN 70.3 Baku” beynəlxalq yarışlarının keçirilməsi ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən bildirilib ki, məhdudiyyətlər sentyabrın 4-ü saat 21:00-dan etibarən mərhələli şəkildə tətbiq olunacaq və sentyabrın 5-i saat 16:00-dək davam edəcək.

Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (M2) avtomobil yolunun 25-ci kilometrində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığındakı yol qovşağından başlayaraq əks istiqamətdə hərəkət üçün bir zolaq ayrılacaq. Lökbatan dairəsi istiqamətində daha bir zolaq isə adi nəqliyyatın hərəkəti üçün açıq saxlanılacaq.

Bakı–Ələt (M3) magistralında hərəkət 14-cü kilometrdən şəhər mərkəzi istiqamətində “Sheraton Baku Intourist” hotelinin qarşısındakı dairəyədək məhdudlaşdırılacaq. Sürücülərə alternativ marşrut kimi Lökbatan–Bayıl istiqamətindən istifadə etmək tövsiyə olunur.

Yarışlara hazırlıq çərçivəsində məhdudiyyətlər sentyabrın 4-ü saat 21:00-dan sentyabrın 5-i saat 04:59-dək qüvvədə olacaq. Yolların bağlanmasının əsas mərhələsi isə saat 05:00-dan 14:30-dək davam edəcək.

Yarış başa çatdıqdan sonra təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar məhdudiyyətlər saat 16:00-dək saxlanılacaq.

Sürücülərə marşrutlarını əvvəlcədən planlaşdırmaq, yollarda yarana biləcək sıxlığı nəzərə almaq və alternativ yollardan istifadə etmək tövsiyə edilib.

Sentyabrın 5-də keçiriləcək “Alufar IRONMAN 70.3 Baku” yarışında 62 ölkədən 1 500-dən çox idmançının iştirak edəcəyi gözlənilir.