ABŞ-ın "Uber" şirkəti və Böyük Britaniyanın avtonom idarəetmə texnologiyaları hazırlayan "Wayve" şirkəti dünyanın ən böyük taksi bazarlarından biri hesab olunan Londonda robotaksi xidmətini istifadəyə verib.
"The New York Times" yazır ki, bu sınaq layihəsinin əsas özəlliyi Londonun mürəkkəb yol infrastrukturudur. Şəhərin küçələri hətta təcrübəli sürücülər üçün belə çətin hesab olunur: hərəkət avtomobillər, avtobuslar, skuterlər və piyadalarla son dərəcə intensivdir, avtobus zolaqları müxtəlif hissələrdə başlayıb bitir, çoxsaylı dairəvi yol qovşaqları və fərqli hərəkət məhdudiyyətləri isə marşrutların idarə olunmasını daha da mürəkkəbləşdirir. Layihə təşkilatçıları da bunu etiraf edirlər.
Buna baxmayaraq, "Uber" tətbiqi vasitəsilə sifariş edilə bilən 15 avtonom avtomobil artıq London küçələrində xidmət göstərir. İlkin mərhələdə hər avtomobildə lisenziyalı təhlükəsizlik operatoru olacaq və zərurət yarandıqda idarəetməni öz üzərinə götürəcək. "Transport for London" nümayəndələri də bildiriblər ki, robotaksilərin fəaliyyəti diqqətlə izlənəcək və sərnişinlərin təhlükəsizliyi ilə bağlı hər hansı risk yaranacağı təqdirdə dərhal müdaxilə ediləcək.
Sınaqlar uğurla başa çatarsa, şirkətlər tam sürücüsüz daşımalara keçməyi planlaşdırırlar. Analitiklərin fikrincə, bu mərhələ ən tez 2027-ci, daha real ssenaridə isə 2028-ci ildə mümkün ola bilər.
Bununla belə, Britaniya tənzimləyiciləri təkcə təhlükəsizlik deyil, həm də sosial səbəblərə görə ehtiyatlı davranırlar. Londonda 120 mindən çox taksi və fərdi sürücü fəaliyyət göstərir və onların bir hissəsi avtomatlaşdırmanın iş yerlərinə təsirindən narahatdır. Financial Times yazır ki, bəzi sürücülər hətta robotaksilərin sensorlarını çaşdırmaq üsullarını müzakirə edirlər. Onların fikrincə, Londonun qeyri-rəsmi hərəkət qaydaları və gözlənilməz piyadalar robot sistemləri üçün ciddi sınaq olacaq.
Buna baxmayaraq, London tədricən robotaksi texnologiyalarının əsas rəqabət meydanlarından birinə çevrilir. "Uber" ilə yanaşı, ABŞ-ın "Waymo" və Çinin "Baidu" şirkətləri (Avropanın "Freenow" platforması ilə əməkdaşlıq çərçivəsində) də burada sınaqlar keçiriblər. Beləliklə, London Zaqrebdən sonra Avropada kommersiya robotaksi xidmətinin fəaliyyət göstərdiyi ikinci şəhər olub.
Bundan əlavə, avqustun ortalarında "Uber" Çinin "Pony AI" şirkəti ilə tərəfdaşlığını genişləndirərək Avropanın dörd şəhərində 2 mindən çox avtonom taksini istismara verməyi planlaşdırdığını açıqlayıb. Hansı şəhərlərin seçildiyi isə hələlik açıqlanmayıb.
Hazırda robotaksi xidmətləri ABŞ və Çinin təxminən iyirmiyə yaxın şəhərində, əsasən yüksək tələbat olan mərkəzi rayonlarda fəaliyyət göstərir. Bu xidmətlərdən, həmçinin Sinqapur, Dubay, Əbu-Dabi, Ər-Riyad və Zaqrebdə də istifadə etmək mümkündür. The New York Times tərəfindən sorğulanan ekspertlər hesab edirlər ki, texnologiyanın Londonda istifadəyə verilməsi sənaye üçün mühüm dönüş nöqtəsidir.
Bazar sürətlə böyüməyə davam edir. ABŞ-ın "Waymo" şirkəti artıq 3,5 mindən çox robotaksi istismar edir və 2026-cı ilin sonunadək fəaliyyət coğrafiyasını dünya üzrə 20 şəhərə çatdırmağı planlaşdırır. "Amazon" şirkətinə məxsus "Zoox" San-Fransisko və Las-Veqasda sərnişin daşıyır, daha 10 şəhərdə sınaqlar aparır və yaxın vaxtlarda Ostin və Mayamiyə də genişlənməyi nəzərdə tutur. "Tesla" isə Texasda sükan və pedalları olmayan ikinəfərlik Cybercab modelinin istehsalını genişləndirir.
Müasir robotaksilərin əksəriyyəti elektrik avtomobilləridir. Güclü bort kompüterləri və sensor sistemləri yüksək enerji sərf etdiyindən bu platformalar əsasən elektromobillər üzərində qurulur. Onların hamısı ətraf mühiti analiz etmək və qərar qəbul etmək üçün süni intellektdən istifadə edir.
Texnologiyanın tərəfdarları hesab edirlər ki, robotaksilər daha təhlükəsiz və səmərəlidir. Onlar marşrutları optimallaşdırır, lazımsız sürətlənmə və kəskin tormozlamalardan yayınır, nəticədə enerji sərfiyyatı və tıxaclar azalır. Bundan əlavə, diqqətin yayınması, yorğunluq və ya zəif görmə kimi insan amilləri aradan qalxır.
"Waymo"nun məlumatına görə, şirkətin robotaksiləri insan tərəfindən idarə olunan avtomobillərlə müqayisədə ölüm və ya ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinə 13 dəfə az səbəb olub. Bununla belə, müstəqil elmi araşdırmalar hələ kifayət qədər deyil və bu nəticələrin daha geniş miqyasda təsdiqlənməsinə ehtiyac var.
Robotaksilər hələ də qüsursuz hesab edilmir. Mart ayında "Baidu"nun 100-dən çox avtonom avtomobili Uhan şəhərində proqram nasazlığı səbəbindən küçələrdə dayanmışdı. "Waymo" avtomobilləri isə müxtəlif vaxtlarda Finiksdə yol tikintisi zonalarına, Ostində cinayət hadisələrinin baş verdiyi ərazilərə daxil olub, 2025-ci ilin sonunda San-Fransiskoda baş vermiş kütləvi elektrik kəsintisi zamanı isə işləməyən işıqforlar səbəbindən yol kəsişmələrində hərəkətsiz qalıblar.
ABŞ-ın Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) hazırda "Waymo" ilə bağlı iki araşdırma aparır. Bunlardan biri robotaksinin məktəb yaxınlığında uşağı vurması, digəri isə bəzi hallarda məktəb avtobuslarının qarşısında vaxtında dayana bilməməsi ilə bağlıdır.
MONETAR.AZ