Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinə tətbiq olunan məhdudiyyətlər bu gündən həftənin bütün günlərini əhatə edir.
Monetar.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, dəyişikliklər mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi məqsədi daşıyır.
Məhdudiyyətlər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, həmçinin Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil edilir.
Yeni qaydalar bu gündən test rejimində tətbiq olunur. Fərdi parklanma talonuna malik sakinlərin, eləcə də operativ, tibbi, kommunal və logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək.
Məhdudiyyətlərin şəhər mərkəzində piyada zonaları arasında əlaqənin artırılmasına, daha rahat və təhlükəsiz mühitin yaradılmasına xidmət etdiyi bildirilir.