Sentyabrda Bakı metrosundan 14 milyondan çox sərnişin istifadə edib

Sentyabrda Bakı metrosundan 14 milyondan çox

Sentyabr ayında Bakı Metropolitenində sərnişin axını 14 milyonu ötüb.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, ayın 23-dən etibarən müvəqqəti olaraq ödənişsiz fəaliyyət göstərən “Xocəsən” və “Avtovağzal” stansiyalarından sentyabrın sonunadək ümumilikdə 120 min 336 sərnişin istifadə edib.

Ay ərzində ən yüksək sərnişin sayı “28 May” stansiyasında qeydə alınıb. Belə ki, stansiyanın xidmətlərindən 1 milyon 474 min 403 nəfər yararlanıb. Sentyabrın 21-i isə 638 min 613 sərnişinlə ayın ən çox sərnişin daşınan günü olub.

Formula 1 yarışlarının keçirildiyi günlərdə metroda sərnişin sıxlığı da artıb. Adi günlərlə müqayisədə həmin günlərdə “İçərişəhər” stansiyasından təxminən 12 min, “28 May” stansiyasından isə 13 minədək çox sərnişin istifadə edib.

Sentyabr ərzində NFC və QR bilet vasitəsilə 7 milyon 662 min 936 ödəniş həyata keçirilib. Bu, ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 54,42 faizinə bərabərdir. NFC və QR ödənişlərinin payı avqustla müqayisədə 1 faiz bəndi artıb.

“Əlçatan metro” xidmətinə müraciət edən sərnişinlərin sayı da yüksəlib. Sentyabrda bu xidmətdən 112 nəfər yararlanıb ki, bu da avqust ayı ilə müqayisədə 41,77 faiz çoxdur.