2026-cı ilin yanvar-avqust aylarında “biletim.az” portalı vasitəsilə onlayn qaydada 837 min 337 bilet alınıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.
Cari ilin ilk 8 ayında onlayn bilet satışlarının ümumi satışlardakı payı da artaraq 42,2%-ə çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 28% təşkil edib.
2025-ci ilin yanvar-avqust aylarında qabaqcadan satılan biletlərin ümumi satışdakı xüsusi çəkisi 33,2% olduğu halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 44,6%-ə yüksəlib.
Bu göstəricilərdəki artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının yüksəldiyini və səfərlərini əvvəlcədən planlaşdırarkən onlayn bilet alma imkanlarından daha fəal istifadə etdiyini göstərir.
Qeyd edək ki, “biletim.az” portalı vasitəsilə 58 məntəqədən 95 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə ümumilikdə 375 reys üzrə 423 nəqliyyat vasitəsi qoşulub.
Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində fəaliyyət göstərən bütün daşıyıcıları və avtovağzalları əhatə edəcək.