2026-cı ilin yanvar-sentyabr aylarında “Biletim.az” portalı üzərindən 941 mindən çox bilet onlayn şəkildə satılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.
Hesabat dövründə onlayn satılan biletlərin ümumi satışdakı payı 42%-ə yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 28% olub.
Cari ilin ilk 9 ayında qabaqcadan satılan biletlərin ümumi satışdakı xüsusi çəkisi 48% təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu göstərici 36% olub.
Agentlikdə hesab edirlər ki, artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının yüksəldiyini və səfərlərin planlaşdırılması zamanı onlayn bilet alma imkanlarından istifadənin genişləndiyini göstərir.
Hazırda “Biletim.az” portalı vasitəsilə 61 məntəqədən 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys həyata keçirən 426 nəqliyyat vasitəsi qoşulub.
Onlayn bilet satış sisteminin mərhələli şəkildə sərnişindaşıma sahəsində fəaliyyət göstərən bütün daşıyıcıları və avtovağzalları əhatə etməsi nəzərdə tutulur.