Bu gündən Bakıda 20 Yanvar metrostansiyası və Şamaxinka ərazisində bir sıra avtobus marşrutlarının dayanacaq məntəqələri və hərəkət sxemlərində dəyişiklik ediləcək.
Monetar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Dəyişikliklər sərnişin axınının səmərəli idarə olunması, avtobuslararası intervalların tənzimlənməsi və sərnişinlərin rahat minib-düşməsinin təmin edilməsi məqsədi daşıyır.
Belə ki, oktyabrın 19-dan 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Sumqayıt istiqamətində 20 Yanvar metrostansiyasının yaxınlığında, Moskva prospektindəki 14 saylı notariat ofisinin yanında yerləşən dayanacaqdan çıxarılacaq.
114A və 114B nömrəli marşrutların sərnişinləri avtobuslara metronun Müzəffər Həsənov küçəsindəki çıxışında, ADSEA binasının qarşısındakı başlanğıc dayanacaqda minə biləcəklər. Bu marşrutların Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində növbəti dayanacağı Şamaxinkada, Alov zavodunun qarşısında olacaq.
500, 503 və 508 nömrəli marşrutlardan istifadə edənlər isə metronun Sumqayıt istiqamətindəki çıxışında, Moskva prospekti 6 ünvanında yerləşən dayanacaqdan istifadə edə biləcəklər. Bu marşrutların Sumqayıt istiqamətində növbəti dayanacağı da Şamaxinkada, Alov zavodunun qarşısında yerləşəcək.
Bundan başqa, 156, 156A və 170 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək. Hökməli və Binəqədi qəsəbələri istiqamətində hərəkət Əli Tağızadə küçəsi ilə təmin olunacaq. Həmin marşrutlar Şamaxinkada, Alov zavodunun qarşısındakı dayanacaqdan çıxarılacaq. Sərnişinlər Əli Tağızadə küçəsində, 2 saylı poçt filialının 134 saylı poçt şöbəsinin yaxınlığındakı dayanacaqdan istifadə edə biləcəklər.
Sumqayıt istiqamətində səfərini davam etdirmək istəyən sərnişinlərə Moskva prospekti 6 ünvanındakı və ya Şamaxinkada Alov zavodunun qarşısındakı dayanacaqlardan istifadə etmək tövsiyə olunur.
Pirəkəşkül və Müşfiqabad istiqamətində gedən sərnişinlər isə 20 Yanvar metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında, ADSEA binasının qarşısındakı və ya Şamaxinkada Alov zavodunun qarşısındakı dayanacaqlardan avtobuslara minə bilərlər.
AYNA-nın məlumatına görə, dəyişikliklər ictimai nəqliyyatın hərəkətini sürətləndirmək, yol-nəqliyyat infrastrukturundan daha səmərəli istifadə etmək və sərnişinlərin rahatlığını artırmaq məqsədi daşıyır.