Avtomobil dünyasının ən böyük kultlarından biri sayılan 1967-ci ilin birinci nəsil ikiqapılı Ford Escort Mk1 RS modeli tamamilə yeni idarəetmə fəlsəfəsi ilə bazara qayıdır. Britaniyanın "Boreham Motorworks" atelyesi Ford şirkətinin rəsmi lisenziyası və razılığı ilə klassik avtomobili sıfırdan istehsal edib.
Bu layihə bir restomod (köhnə avtomobilin donor kimi istifadə edilib müasirləşdirilməsi) deyil. Şirkət bunu “continuomod” konsepsiyası adlandırır — yəni avtomobil heç bir donordan istifadə edilmədən, zavod cizgiləri əsasında tamamilə sıfırdan yığılıb. Hər biri unikal şassi (VIN) nömrəsinə sahib olacaq bu eksklüziv kupedən cəmi 150 ədəd istehsal ediləcək. Avtomobilin satış qiyməti 295 min funt sterlinq, yəni təxminən 400 min ABŞ dolları təşkil edir.
Boreham Motorworks mühəndislərinin əsas nailiyyəti avtomobili müasir təhlükəsizlik və möhkəmlik standartlarına uyğunlaşdırarkən onun minimal çəkisini qorumaq olub. Titan və alüminium ərintilərindən geniş istifadə arxa hissədə asılmayan kütləni (unsprung weight) tarixi yarış modelləri ilə müqayisədə kəskin azaldıb. Bu isə avtomobilin asqı həndəsəsini mükəmməlləşdirərək, elektronika olmadan belə təkərlərin asfalta maksimum yapışmasını təmin edir.
Dinamik göstəricilər (0-100 km/s sürətlənmə və maksimum sürət) hələ rəsmən elan edilməsə də, 895 kq çəki müqabilində 330 at gücü hasil edən top-versiyanın trekdə ciddi trek-taym nəticələri göstərəcəyi şübhə doğurmur. Müasir idman avtomobillərinin ton yarımı keçdiyi bir dövrdə bu çəki/güç balansı tamamilə fərqli bir çempionatdır.

MONETAR.AZ