Köhnə smartfonlar evdə yanğın təhlükəsi yarada bilər

Köhnə smartfonlar evdə yanğın təhlükəsi

Zədələnmiş batareyalar və uzun müddət istifadə edilməyən elektron cihazlar evdə yanğın riskinə səbəb ola bilər. Bu barədə Almaniyanın “CHIP” nəşri məlumat yayıb.

Nəşrin jurnalistləri yanğınsöndürən və təlimçi Andre Villə istinadən köhnə elektron cihazların evdə saxlanılması ilə bağlı riskləri açıqlayıblar. Mütəxəssisin sözlərinə görə, istifadəçilər yeni telefon aldıqdan sonra köhnə cihazlarını çox vaxt illərlə siyirmələrdə saxlayırlar. Lakin telefonun söndürülməsi onun litium-ion batareyasının köhnəlmə prosesini dayandırmır. Cihazdan uzun müddət istifadə edilməsə belə, batareyanın daxilində kimyəvi proseslər davam edə bilər.

Batareyanın daxili zədələnməsi güclü qızmaya və yanğına gətirib çıxara bilər. Belə cihazların kağız, parça və digər tezalışan materialların yanında saxlanılması xüsusilə təhlükəlidir. Bu halda kiçik bir cihazda başlayan yanğın ətrafdakı əşyalara da yayıla bilər.

Telefonun köhnə olması onun mütləq utilizasiya edilməli olduğu demək deyil. Saz vəziyyətdə olan cihazları uzun müddət saxlamaq üçün istehsalçıların tövsiyələrinə əməl etmək vacibdir.

Məsələn, “Apple” uzunmüddətli saxlama zamanı işlək vəziyyətdə olan cihazın batareyasını təxminən 50%-ə qədər doldurmağı, telefonu söndürməyi və onu sərin, quru yerdə saxlamağı tövsiyə edir.

Bununla yanaşı, saz cihazla batareyası zədələnmiş telefonu fərqləndirmək lazımdır. Batareyanın şişməsi və ya telefonun korpusunun deformasiyaya uğraması mümkün zədələnmə əlamətləridir.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) də batareyanın şişməsini potensial yanğın təhlükəsi yaradan zədələnmə əlaməti kimi qiymətləndirir. Belə hallarda cihazın təhlükəsiz idarə olunması və utilizasiyası ilə bağlı istehsalçıya, servis mərkəzinə və ya ixtisaslaşdırılmış tullantıların qəbulu məntəqəsinə müraciət etmək tövsiyə olunur.

Oktyabrın əvvəlində “How-To Geek” nəşrinin mütəxəssisləri USB-fleş kartı kompüterdən çıxarmazdan əvvəl təhlükəsiz çıxarış funksiyasından istifadənin bütün hallarda mütləq olmadığını bildirmişdilər.

Bununla belə, faylların köçürülməsi və ya saxlanılması prosesi başa çatmayıbsa, daşıyıcını kompüterdən çıxarmaq olmaz. Əks halda məlumatların itirilməsi və ya faylların zədələnməsi riski yarana bilər.

MONETAR.AZ