"Azərenerji" ASC Yevlax-Bərdə istiqamətində 110 kilovoltluq elektrik veriliş xəttinin tikintisi işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Tender elanına əsasən, layihənin ehtimal olunan dəyəri 10 milyon 119 min 924 manat təşkil edir.
Məlumata görə, layihə çərçivəsində 110 kV-luq hava xəttinin tikintisi, müxtəlif gərginlikli elektrik xətləri, avtomobil yolları, rabitə xətləri və dəmir yolu infrastrukturu ilə kəsişən sahələrdə məftillərin çəkilməsi işləri həyata keçiriləcək.
Texniki şərtlərə əsasən, tikinti zamanı avtomobil yolları və rabitə xətləri üzərindən 11, avtomobil yolları üzərindən əlavə 6, 35-220 kV-luq elektrik xətləri ilə kəsişən 2, 330 kV-luq hava xəttinin altından keçən 4, həmçinin ümumi təyinatlı elektrikləşdirilməmiş dəmir yolu üzərindən 1 keçid qovşağının inşası nəzərdə tutulur.
Tender üzrə təkliflərin qəbulu iyulun 22-si saat 15:00-dək davam edəcək. Zərflərin açılışı da həmin gün və saatda baş tutacaq.
MONETAR.AZ