Asiyalılar ölkələrinin gələcəyinə daha nikbin yanaşırlar

Asiyalılar ölkələrinin gələcəyinə

İpsos şirkətinin 30 ölkədə 25 min respondent arasında keçirdiyi son sorğunun nəticələrinə əsasən, Asiya ölkələrinin vətəndaşları digər regionlarla müqayisədə öz ölkələrinin gələcəyinə daha nikbin yanaşırlar.

Sorğu iştirakçılarına ölkələrində vəziyyətin düzgün istiqamətdə inkişaf edib-etmədiyi ilə bağlı sual ünvanlanıb. Nəticələrə görə, ən yüksək göstərici Sinqapurda qeydə alınıb. Respondentlərin 82 faizi şəhər-dövlətin düzgün yolda olduğunu bildirib.

İkinci yerdə İndoneziya qərarlaşıb – burada iştirakçıların 75 faizi ölkənin doğru istiqamətdə inkişaf etdiyini düşünür. Sonrakı yerlərdə Malayziya (69 faiz), Hindistan (62 faiz) və Cənubi Koreya (58 faiz) yer alıb. İlk qeyri-Asiya ölkəsi isə 57 faiz göstərici ilə Argentina olub.

Sorğuda iştirak edən bütün Asiya ölkələrinin nəticələri 30 ölkə üzrə orta göstəricini – 41 faizi üstələyib. Ən aşağı nikbinlik səviyyəsi Fransada (10 faiz), Peruda (21 faiz), Macarıstanda (24 faiz) və Böyük Britaniyada (24 faiz) qeydə alınıb.

Araşdırmada həmçinin müəyyən edilib ki, dünyada insanları ən çox narahat edən məsələlər cinayət və zorakılıq (32 faiz), inflyasiya (30 faiz), yoxsulluq və sosial bərabərsizlik, eləcə də işsizlikdir (hər biri 28 faiz).

Şirkət bildirir ki, Cənub-Şərqi Asiyada “Ditvah” siklonunun yaratdığı güclü daşqınlar regionda iqlim dəyişikliyi ilə bağlı narahatlığı artırıb. Tailandda iqlim dəyişikliyi ilə bağlı narahatlıq səviyyəsi 26 faizə yüksəlib ki, bu da ötən illə müqayisədə 11 faiz bəndi çoxdur.

MONETAR.AZ