Son illərdə İT xidmətlərinin sürətlə bulud mühitinə daşınması qlobal bulud infrastrukturu bazarının kəskin böyüməsinə səbəb olub. Synergy Research şirkətinin məlumatına görə 2025-ci ildə bulud infrastrukturu xidmətlərindən əldə olunan gəlirlər 90 milyard dollar artaraq 419 milyard dollara yüksəlib. Bu, 2017-ci illə müqayisədə bazarın təxminən 9 dəfə böyüməsi deməkdir.
Məlumata əsasən, bazarın artım tempi 2023-cü ildə təbii şəkildə azalaraq 20 faizdən bir qədər aşağı düşsə də, generativ süni intellektin sürətli inkişafı və onun yaratdığı hesablama tələbatı 2024 və 2025-ci illərdə artımın yenidən sürətlənməsinə səbəb olub. 2025-ci ildə qlobal bulud bazarı 27 faiz böyüyüb ki, bu da 2022-ci ildən bəri ən yüksək göstəricidir.
Synergy Research Group-un baş analitiki Con Dinsdeyl bildirib ki, süni intellekt bulud bazarını yüksək sürət rejiminə keçirib. Onun sözlərinə görə, 2022-ci ildən bəri artımın böyük hissəsi süni intellektə yönəlik xidmətlərin payına düşür, eyni zamanda AI texnologiyaları ümumi bulud xidmətləri portfelini də gücləndirərək gəlirlərin bütün sahələr üzrə artmasına təkan verib.
MONETAR.AZ