Honor smartfona bərkidilən S3 elektron kitabını təqdim edib

Honor smartfona bərkidilən S3 elektron kitabını

Honor şirkəti smartfonun arxa panelinə maqnit vasitəsilə bərkidilən Life S3 adlı portativ elektron mürəkkəb (e-ink) ekranını təqdim edib. 3,68 düymlük ekranın qiyməti 399 yuan, yəni təxminən 60 dollar təşkil edir.

Şirkət Life S3-ü “cibə yerləşən mini-kitab” kimi təqdim edir. Qurğunun çəkisi cəmi 61 qram, qalınlığı isə 5,6 millimetrdir. Honor bildirir ki, ekran smartfona bərkidildikdə cihazın korpusundan demək olar ki, kənara çıxmır.

Life S3 259 PPI piksel sıxlığına malikdir. Ekranda kağız effektini imitasiya edən mat şüşə örtükdən istifadə olunub və uzunmüddətli oxu zamanı gözlərə düşən yükü azaltmağa yönəlmiş qoruyucu rejim də nəzərdə tutulub.

Qurğuda sönmə və yanma düyməsindən başqa fiziki düymə yoxdur. İdarəetmə tamamilə sensor ekran vasitəsilə həyata keçirilir.

Life S3-ün əsas üstünlüklərindən biri batareyanın işləmə müddətidir. Şirkətin məlumatına görə, qurğunun enerji ehtiyatı 30 saat fasiləsiz mütaliə üçün kifayətdir.

Beləliklə, Honor yeni aksesuarı smartfonda uzun mətnlər və elektron kitablar oxumaq istəyən istifadəçilər üçün ayrıca e-ink ekran kimi təqdim edir.

MONETAR.AZ