Yaponiyanın texnologiya qrupu Toshiba süni intellekt (Sİ) sahəsində sürətli artım fonunda məlumatların saxlanmasına tələbatın yüksəlməsinə cavab olaraq sərt disklərin (HDD) istehsal gücünü əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.
Nikkei qəzetinin cümə günü yaydığı məlumata görə, şirkət 2027-ci maliyyə ilinə qədər AI məlumat mərkəzləri üçün bərk disklərin (HDD) istehsal gücünü iki dəfə artırmağı planlaşdırır.
Bu məqsədlə Toshiba Filippindəki HDD istehsal güclərinin genişləndirilməsinə təxminən 60 milyard yen (380 milyon ABŞ dolları) investisiya yatıracaq. Bu, şirkətin son beş ildə HDD istehsalı istiqamətində həyata keçirdiyi ilk irimiqyaslı sərmayə olacaq.
Toshiba ABŞ-ın Western Digital və Seagate şirkətləri ilə birlikdə dünyanın üç əsas HDD istehsalçısından biridir. Nikkei-nin məlumatına görə, şirkət orta müddətli perspektivdə yaddaş tutumu baxımından qlobal bazardakı payını hazırkı 10 faizdən bir qədər yüksək səviyyədən 30 faizə çatdırmağı hədəfləyir.
İstehsal güclərinin artırılması çərçivəsində vahid məhsul üzrə tutumu 40 faiz daha yüksək olan yeni istehsal xətlərinin tətbiqi nəzərdə tutulur.
Bu addım Toshiba-nın 2030-cu ilə qədər 65 terabayt, daha sonra isə 100 terabayt tutumlu HDD-lərin kütləvi istehsalına keçid planlarını dəstəkləyəcək.
Süni intellekt infrastrukturunun sürətli inkişafı böyük həcmdə məlumatların saxlanmasına ehtiyacı artırır. Bu baxımdan HDD-lər məlumat mərkəzləri üçün mühüm saxlama vasitələrindən biri olaraq qalır.
HDD-lərin məlumatların saxlanması üzrə xərclərinin bərk cisimli daşıyıcılardan (SSD) daha aşağı olması məlumat mərkəzlərinin yüksək tutumlu bərk disklərə marağını artırır.
Toshiba-nın investisiya planı da məhz AI infrastrukturunun genişlənməsi fonunda yüksək tutumlu məlumat saxlama qurğularına artan tələbatdan yararlanmaq məqsədi daşıyır.
MONETAR.AZ