Fransada şagirdlərin etiraz aksiyalarının genişlənməsi fonunda 400-dən çox məktəb müvəqqəti olaraq distant təhsil formatına keçirilib. Qərar bəzi məktəblərdə təhlükəsizlik sistemlərinin sıradan çıxarılması, binalara zərər vurulması və təhsil işçilərinin hədəfə alınması ilə bağlı təhlükəsizlik narahatlıqları fonunda qəbul edilib.
Fransanın Milli Təhsil naziri Eduard Jeffrey (Édouard Geffray) bildirib ki, əsas məqsəd şagirdlərin və əməkdaşların təhlükəsizliyini təmin etmək, eyni zamanda tədrisin davamlılığını qorumaqdır. Nazir zorakılığın şagirdlərin təhsil hüququna mane olmamalı olduğunu vurğulayıb.
Sentyabrın 29-da genişlənməyə başlayan etiraz aksiyaları əvvəlcə Paris regionunda müşahidə olunsa da, sonradan ölkənin müxtəlif şəhərlərinə yayılıb. Şagirdlər əsasən müəllim çatışmazlığı, siniflərin həddindən artıq yüklənməsi, məktəb binalarının vəziyyəti və təhsil sisteminə ayrılan vəsaitlə bağlı problemlərdən narazılıqlarını bildirirlər.
Etirazlar zamanı yüzlərlə məktəbin fəaliyyətinə maneə yaranıb. Bəzi məktəblərdə yanğınlar və digər insidentlər qeydə alınıb, polis və nümayişçilər arasında toqquşmalar baş verib.
Etirazların fonunda hökumət də müəyyən addımlar atıb. Rəsmilər təqaüd almayan tələbələr üçün BTS və “Grandes Écoles” hazırlıq kurslarında təhsil haqqının tətbiqini nəzərdə tutan büdcə tədbirindən imtina ediblər.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 1-də ölkə üzrə məktəb blokadaları ilə əlaqədar 1 949 nəfər saxlanılıb. Saxlanılmalar əsasən hakimiyyət nümayəndələrinə qarşı zorakılıq, zorakı əməllər və qanunsuz toplaşmalarla bağlı olub.
Həmin gün polis və jandarm əməkdaşları arasında da 305 nəfərin yaralandığı bildirilib.
Etirazların ilkin mərhələsində, sentyabrın 29-da isə 440 nəfərin saxlanıldığı açıqlanmışdı. Hərəkatın genişlənməsi ilə saxlanılanların sayı sonrakı günlərdə əhəmiyyətli dərəcədə artıb.
Hakimiyyət məktəblərin təhlükəsizliyinin təmin olunması ilə yanaşı, şagirdlərin irəli sürdüyü təhsil problemlərinin müzakirəsinin davam etdiriləcəyini bildirir.
MONETAR.AZ