Nazirlik əməkdaşları üçün kommunikasiya üzrə təlim keçirilib

Nazirlik əməkdaşları üçün kommunikasiya üzrə

30 sentyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Nərmin Xəlilova tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Məhsuldarlığın təmin olunmasında kommunikasiyanın rolu” mövzusunda təlim keçirilib.

Təlim zamanı iştirakçılara kommunikasiyanın tərəfləri və prosesin əsas elementləri – mesaj, kanal və geri əlaqə barədə ətraflı məlumat verilib. Həmçinin anlaşmaya mane olan amillər və onların aradan qaldırılması yolları ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsinə diqqət yetirilib.

Təlimin “İş yerində toksik kommunikasiya” bölməsində toksik ünsiyyətin sözlü və sözsüz formaları, yaranma səbəbləri, əsas əlamətləri və mümkün nəticələri müzakirə olunub. İşgüzar ünsiyyət zamanı yol verilməməli davranışlar barədə də fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, dinləyici tiplərinin müəyyənləşdirilməsi, aktiv dinləmə bacarıqlarının tətbiqi, konstruktiv rəyin verilməsi və rəyi düzgün qəbul etmə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı iştirakçılara müxtəlif praktiki tapşırıqlar təqdim edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb və təlim mövzuları ətrafında fikir mübadiləsi aparılıb.