DeepSeek özünün süni intellekt (Sİ) çipini hazırlayır. Reuters agentliyinin məsələ ilə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, şirkət Sİ modellərinin təlimi və işlədilməsi üçün istifadə etdiyi NVIDIA və Huawei çiplərindən asılılığı azaltmağa çalışır.
Mənbələrin bildirdiyinə görə, yeni çip Sİ modellərinin təlimi üçün deyil, inferens (nəticəçıxarma) mərhələsi üçün nəzərdə tutulacaq. Yəni çip artıq təlim keçmiş modellərin istifadəçi sorğularına cavab yaratması prosesində istifadə ediləcək.
Layihənin uğurla həyata keçirilməsi DeepSeek üçün mühüm strateji dönüş nöqtəsi ola bilər. Eyni zamanda, şirkətin çip bazarına daxil olması yerli istehsalçı Huawei üçün rəqabəti daha da gücləndirə bilər.
Məlumata əsasən, layihə hazırda ilkin inkişaf mərhələsindədir. Şirkət mikrosxem layihələndirən müəssisələr, müqaviləli istehsalçılar və yaddaş çipləri tədarükçüləri ilə danışıqlar aparır. Öz çipinin hazırlanmasına təxminən bir il əvvəl başlanılıb. Son aylarda isə “DeepSeek” mikrosxem layihələndirilməsi üzrə mühəndislərin işə qəbulunu sürətləndirib. Bildirilir ki, kadr seçimi açıq vakansiyalar dərc edilmədən həyata keçirilir.
Şirkətin bu addımı aparıcı süni intellekt tərtibatçıları arasında NVIDIA məhsullarından asılılığın azaldılması istiqamətində formalaşan ümumi tendensiyaya uyğundur.
İyun ayında OpenAI inferens əməliyyatları üçün nəzərdə tutulmuş ilk ixtisaslaşdırılmış çipi – Jalapeno layihəsini təqdim edib. Anthropic da öz Sİ prosessorlarını hazırlamaq imkanlarını qiymətləndirir.
Bundan başqa, ByteDance öz çiplərini hazırlamağı planlaşdırır və onların istehsalı ilə bağlı Samsung Electronics ilə danışıqlar aparır. Daha əvvəl isə Apple-ın Broadcom ilə əməkdaşlıq çərçivəsində yeni çip layihəsi üzərində işlədiyi barədə məlumat yayılmışdı.
MONETAR.AZ