Google süni intellekt sistemlərini yetişdirməyə icazə verdi

Google süni intellekt sistemlərini yetişdirməyə

“Google” şirkəti rəsmi bəyanat yaymadan istifadəçi məlumatlarının emalı qaydalarına dəyişiklik edərək, süni intellekt sistemlərinin inkişafı üçün istifadə oluna biləcək məlumatların siyahısını genişləndirib. “Engadget” nəşrinin verdiyi məlumata görə, şirkət artıq istifadəçilərin axtarış xidmətlərinə yüklədiyi bəzi faylları Sİ modellərinin təlimi və təkmilləşdirilməsi üçün tətbiq etmək hüququ əldə edib.

Yenilənmiş siyasətdə bildirilir ki, bu növ məlumatlara təsvirlər (şəkillər), sənədlər, audioyazılar və videomateriallar daxil edilə bilər. Yeni qaydalar istifadəçilərin məlumatların axtarışı və emalı üçün “Google” alətlərinə göndərdiyi fayllara şamil olunur.

Məsələn, vizual axtarış üçün “Google Lens” xidmətinə yüklənən fotoşəkillər şirkət tərəfindən Sİ-nin inkişafı üçün istifadə edilə bilər. Analoji şərtlər “Google”un səsli axtarışı ilə bağlı audiofayllara, eləcə də “Google Tərcümə” vasitəsilə göndərilən materiallara da şamil olunur. Bununla belə, “Google Foto” xidmətindəki şəxsi fotoşəkillərdən istifadə edilmir.

Yeni tənzimləmə parametri istifadəçilər üçün standart olaraq (by default) aktivləşdirilib. “Google” məlumatlara çıxış imkanlarının genişləndirilməsini müasir generativ modellərin təlim prosesində böyük həcmdə informasiyaya yüksək tələbat duyması ilə izah edir.

Eyni zamanda, şirkət bu proqramda iştirakdan imtina etmək imkanını da nəzərdə tutub. Bunun üçün istifadəçilər axtarış sistemindəki fəaliyyət tarixçəsi tənzimləmələrinə daxil olmalı, “Media kontenti yadda saxla” parametrini söndürməli, daha sonra isə axtarış xidmətlərinin fərdiləşdirmə bölməsini yoxlayaraq məlumatlardan istifadənin bağlanmasına əmin olmalıdırlar.

MONETAR.AZ