“SpaceX” şirkəti özünün süni intellekt modeli olan “Grok 4.5”ə kütləvi çıxışı aktivləşdirəcəyini açıqlayıb. Bu barədə dünən axşam saatlarında şirkətin baş icraçı direktoru İlon Mask sosial şəbəkədə paylaşım edib.
Mask yeni modeli “Anthropic” şirkətinin “Claude” ailəsinin Opus səviyyəli modeli ilə müqayisə edərək onun “daha sürətli, token baxımından daha səmərəli və daha ucuz” olduğunu bildirib.
“Grok” Maskın süni intellekt şirkəti olan “xAI”ın flaqman modelidir. Şirkət cari il ərzində “SpaceX” ekosisteminə inteqrasiya olunub və bu yaxınlarda “SpaceXAI” adlandırılıb.
“xAI” sonuncu dəfə aprel ayında “Grok 4.3” modelini təqdim etmişdi. İlon Mask isə uzun müddətdir ki, flaqman süni intellekt modelinin növbəti versiyasının təqdim olunacağını bildirirdi.
İyulun əvvəlində Mask “Grok 4.5” modelinin “SpaceX” və “Tesla” şirkətlərində qapalı beta-test mərhələsinə başladığını açıqlamışdı. Onun sözlərinə görə, model “xAI”ın 1,5 trilyon parametrə malik yeni V9 baza modeli əsasında hazırlanıb.
MONETAR.AZ