ABŞ-ın yaddaş çipləri istehsalçısı "Micron Technology" süni intellekt texnologiyalarının inkişafı fonunda istehsal gücünü artırmaq üçün Yaponiyada iri investisiya layihəsinə start verib. “Bloomberg”in məlumatına görə, şirkət Xirosimada təxminən 1,5 trilyon ien (9,3 milyard dollar) dəyərində yeni yarımkeçirici istehsal kompleksinin genişləndirilməsi üzrə tikinti işlərinə başlayıb.
Yeni istehsal sahəsində yüksək məhsuldarlığa malik yaddaş həlləri, o cümlədən "Nvidia" şirkətinin süni intellekt prosessorlarında istifadə olunan HBM (High Bandwidth Memory) çipləri istehsal ediləcək. Müəssisənin kommersiya məqsədli ilk məhsullarını 2028-ci ilin yayından etibarən bazara çıxarması planlaşdırılır.
Layihənin maliyyələşdirilməsində Yaponiya hökuməti də fəal iştirak edir. Ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi tikinti layihəsinə 500 milyard ienədək subsidiya ayırıb. Tədqiqat və inkişaf proqramlarına göstərilən dəstək də nəzərə alındıqda, dövlətin "Micron"un Yaponiyadakı fəaliyyətinə ümumi dəstəyi təxminən 775 milyard yenə çatır.
Xirosimadakı investisiya şirkətin qlobal istehsal strategiyasının tərkib hissəsidir. "Micron" paralel olaraq ABŞ-da da istehsal imkanlarını genişləndirir. Belə ki, Aydaho ştatının Boyse şəhərində yeni DRAM istehsal müəssisələri inşa edilir, Nyu-York ştatının Sirakuz şəhəri yaxınlığında isə təxminən 100 milyard dollar dəyərində iri yarımkeçirici istehsal kompleksi yaradılır.
Mütəxəssislərin fikrincə, texnologiya şirkətlərinin süni intellekt infrastrukturuna yönəltdiyi investisiyalar yüksək ötürücülük qabiliyyətinə malik yaddaş çiplərinə tələbatı rekord səviyyəyə çatdırıb. Bu bazarda fəaliyyət göstərən əsas istehsalçılar – "SK Hynix" və "Samsung Electronics" də artan sifarişləri qarşılamaq məqsədilə istehsal həcmlərini genişləndirirlər.
Təməlqoyma mərasimində çıxış edən şirkətin baş icraçı direktoru Sancay Mehrotra bildirib ki, "Micron"un ilk HBM istehsal lövhəsi məhz Xirosimada hazırlanıb. Onun sözlərinə görə, yeni müəssisənin istismara verilməsi şirkətin növbəti nəsil yaddaş məhsullarının istehsalı və tədarükü sahəsində imkanlarını daha da artıracaq.
Yaponiya hökuməti son illərdə yarımkeçirici sənayesinin inkişafını milli iqtisadi strategiyanın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. 2021-ci ildən etibarən bu sahəyə on milyardlarla dollar həcmində dövlət dəstəyi ayrılıb və məqsəd daxili istehsalın gücləndirilməsi, eləcə də qlobal tədarük zəncirinin dayanıqlılığının artırılmasıdır.
Bu strategiyanın davamı olaraq, ötən ay Baş nazir Sanae Takaiçi yarımkeçirici və süni intellekt sektorlarının inkişafını nəzərdə tutan uzunmüddətli proqram təqdim edib. Sənədə əsasən, 2041-ci ilədək sözügedən sahələrə dövlət və özəl sektor tərəfindən ümumilikdə 101,6 trilyon ien həcmində investisiyanın cəlb olunması planlaşdırılır.
MONETAR.AZ