2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə 19,6 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib.
Monetar.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda məlumat verilib.
İcmala əsasən, hesabat dövründə formalaşan ümumi gəlirlərin 61%-i ixrac əməliyyatlarının payına düşüb.
Peyk telekommunikasiya xidmətlərinin ixracında ilk yerdə 3,1 milyon dollarla Birləşmiş Krallıq qərarlaşıb. Lüksemburqa 2,4 milyon dollar, Türkiyəyə 989,7 min dollar, Pakistana 884,4 min dollar, Misirə isə 484,9 min dollar dəyərində xidmət ixrac edilib.
Məlumatlar Azərbaycanın qeyri-neft ixracında yalnız fiziki məhsulların deyil, telekommunikasiya xidmətlərinin də mühüm yer tutduğunu göstərir.
Peyk rabitəsi xidmətlərinin xarici bazarlara çıxarılması ölkənin xidmət ixracının şaxələndirilməsi baxımından əhəmiyyət daşıyır.