Nazir: İşğaldan azad edilmiş ərazilərdə 230 hektarlıq istixana zonası yaradılacaq

Nazir: İşğaldan azad edilmiş ərazilərdə 230 hektarlıq

Azad edilmiş ərazilərdə sənaye üsulu ilə fəaliyyət göstərəcək vahid istixana təsərrüfatları zonasının yaradılması planlaşdırılır. Layihə üçün ayrılması nəzərdə tutulan 230 hektar əraziyə sahibkarlar tərəfindən artıq ciddi investisiya marağı göstərilir.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırıqları əsasında təsdiqlənən 2026–2030-cu illər üçün kənd təsərrüfatı, akvakultura və balıqçılıq məhsullarının istehsalı və emalının inkişafına dair Dövlət Proqramı aqrar sektorun növbəti beş ildə yeni inkişaf mərhələsinə keçməsinə şərait yaradacaq.

Məcnun Məmmədov qeyd edib ki, proqramın əsas hədəfi daha az resursdan istifadə etməklə daha çox məhsul istehsalına nail olmaq, fermerlərin rifahını yaxşılaşdırmaq, aqrar iqtisadiyyatın və məhsul istehsalının artımını təmin etməkdir.

Onun bildirdiyinə görə, bölgələrdə keçirilən müşavirələrdən sonra fermerlər və sahibkarlar müxtəlif istiqamətlər üzrə investisiya layihələri təqdim ediblər. Hazırda həmin layihələrin həyata keçirilməsi üçün planlaşdırma işləri aparılır.

Xüsusilə heyvandarlıq, bağçılıq və istixana təsərrüfatlarına investisiya marağı yüksəkdir. Azad edilmiş ərazilərdə nəzərdə tutulan 230 hektarlıq istixana zonası da bu istiqamətdə əsas layihələrdən biri olacaq.

Kənd təsərrüfatı naziri müasir suvarma sistemlərinin tətbiqində də artım olduğunu diqqətə çatdırıb.

Məcnun Məmmədovun sözlərinə görə, 2025-ci ilin sonunda ölkədə müasir suvarma sistemləri ilə əhatə olunan torpaq sahələrinin həcmi təxminən 130 min hektar təşkil edib. Hazırda isə bu göstərici 150–155 min hektarı ötüb.

Beləliklə, bir il ərzində müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilər 20–25 min hektar genişlənib.

Nazir aqrar sektorun inkişafında elmi nailiyyətlərin, innovasiyaların və müasir yanaşmaların tətbiqinin vacibliyini də vurğulayıb.

Onun sözlərinə görə, bu istiqamətlər 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında xüsusi yer tutur. Sənəddə aqrar təhsilin və elmin inkişafına da geniş yer ayrılıb.

Beləliklə, proqram çərçivəsində həm istehsal güclərinin artırılması, həm suvarma infrastrukturunun genişləndirilməsi, həm də aqrar sahədə elmi və texnoloji yeniliklərin tətbiqi nəzərdə tutulur.