Qlobal peyk interneti bazarında inqilab edən Elon Musk-ın "SpaceX" şirkəti, indi də ənənəvi telekommunikasiya nəhənglərinin əsas gəlir mənbəyinə göz dikib. "Financial Times"ın eksklüziv məlumatına görə, "SpaceX" ABŞ-da birbaşa istehlakçılara yönəlmiş "Starlink" brendi altında mobil telefon rabitəsi xidmətləri təqdim etməyə hazırlaşır. Hətta şirkətin gələcəkdə öz müstəqil yerüstü simsiz şəbəkəsini (cellular network) qurmaq planı da var.
Bu iddialı planlar, "SpaceX" şirkətinin prezidenti və əməliyyat direktoru (COO) Gwynne Shotwell tərəfindən investisiya bankirləri və potensial investorlar üçün IPO (səhmlərin ilkin kütləvi təklifi) öncəsi keçirilən qapalı təqdimatlar zamanı səsləndirilib.
Bu addım "Starlink"in mövcud biznes modelini kökündən dəyişdirəcək və onu telekommunikasiya bazarının ən böyük oyunçularından birinə çevirəcək.
"SpaceX"in bu gedişi təkcə texnoloji yenilik deyil, həm də möhtəşəm bir maliyyə manevridir. "Starlink"in peyk interneti xidməti müəyyən bir istifadəçi kütləsinə (əsasən internet çıxışı çətin olan regionlara) xitab etdiyi halda, mobil rabitə bazarı trilyon dollarlıq kütləvi bir ekosistemdir. Gwynne Shotwell-in bu planları IPO öncəsi investora təqdim etməsi, "SpaceX"in bazar dəyərini (qiymətləndirilməsini) kosmik səviyyəyə qaldırmaq məqsədi daşıyır.
"EchoStar" tezliklərinin 17 milyard dollara alınması göstərdi ki, Musk sadəcə kosmosda deyil, yerdə də infrastruktur sahibi olmaq istəyir. Əgər layihə uğurla baş tutarsa, "Starlink" abunəçiləri telefonlarında heç bir əlavə xüsusi avadanlıq (peyk telefonu anteni) olmadan, standart smartfonlarla birbaşa kosmik operatora bağlanacaqlar. Bu, qlobal rouminq və şəbəkə anlayışını tamamilə məhv edə bilər.
MONETAR.AZ